"2018-ci ilin oktyabrında ölkəmizdə prezident seçkiləri keçiriləcək. Azərbaycan Prezidenti İlham Əliyevin yüksək səslə seçilmə şansı var".
Unikal.org-un məlumatına görə, bunu Azərbaycan Baş nazirinin müavini, YAP sədrinin müavini - icra katibi Əli Əhmədov bu gün Yeni Azərbaycan Partiyasının (YAP) təşkilatçılığı ilə keçirilən "Şərqlə Qərbin qovşağında yeni enerji və kommunikasiya imkanları" adlı konfransda deyib.
Ə.Əhmədov qeyd edib ki, Prezident İlham Əliyevin yüksək nüfuzu, reytinqi, onun həyata keçirdiyi siyasətin insanlar tərəfindən birmənalı şəkildə dəstəklənməsi, Azərbaycanın həyatında baş verən müsbət dəyişikliklər, ölkəmizin nüfuzunun dünya miqyasında artması - bütün bunlar dövlətimizin başçısının yüksək seçilmə şansını təmin edir: "Əminəm ki, 2018-ci ilin prezident seçkilərindən sonra növbəti dekabr konfransını prezidentimizin yeni qələbəsinin təsiri altında sevincli şəkildə keçirəcəyik".
O bildirib ki, bu gün ölkəmizdə əsası Ulu Öndər tərəfindən qoyulan uğurlu iqtisadi siyasət Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
Baş nazirin müavini bildirib ki, bu siyasətin nəticəsində Azərbaycan qlobal layihələrin reallaşmasında böyük rola malikdir: "Ulu Öndər Heydər Əliyev tərəfindən həyata keçirilmiş "Əsrin müqaviləsi"nin müddətinin uzadılması ölkəmiz üçün mühüm əhəmiyyət kəsb edir. Beynəlxalq nüfuzumuzun artması bu layihələrin dividentləri sayıla bilər".
Azərbaycanın Şərqlə Qərbin qovşağında yerləşdiyini deyən Ə.Əhmədov deyib ki, Azərbaycanın malik olduğu üstünlükdən Prezident İlham Əliyev məharətlə istifadə edir: "Beləliklə, qlobal layihələrin həyata keçirilməsi həm iqtisadi dividentlər gətirir, həm də ölkəmiz bütün dünyanın enerji kommunikasiya mərkəzinə çevrilir. Bununla da Azərbaycanın dünyada mövqeyi əhəmiyyətli şəkildə artır".
Milli Məclis sədrinin birinci müavini, parlamentin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov deyib ki, 2018-ci ildə Azərbaycanda prezident seçkiləri çox yüksək səviyyədə, daxili siyasi sabitlik şəraitində keçəcək.
2018-ci ildə Azərbaycanda təhlükəsizlik məsələsinə toxunan Z.Əsgərov bildirib ki, hazırda bütün dünya təhdid içərisindədir:
"Biz dünyadan təcrid olunmuş vəziyyətdə deyilik. Təhdid indiyə qədər olub, bundan sonra da ola bilər. Amma bizim təhlükəsizlik orqanları bu işdə çox ayıq-sayıqdırlar, baş verə biləcək təhdidlərin qarşısını vaxtında alırlar. Bundan sonra da belə olacaq".