Unikal.org xəbər verir ki, "İlham Əliyev. İnkişaf - məqsədimizdir çoxcildliyinin 49-cu kitabı çapdan çıxıb.
Biz istəyirik ki, dünyada müsbət meyillər, əməkdaşlıq, dostluq, qardaşlıq meyilləri güclənsin və burada din xadimlərinin çox böyük rolu vardır. Azərbaycan burada yaşayan bütün xalqların doğma vətənidir. Hər bir xalqın nümayəndəsi bizim dəyərli vətəndaşımızdır. Bütün dinlərin nümayəndələrinə böyük hörmətlə və rəğbətlə yanaşırıq. Bu gün Azərbaycanda xristian kilsələri, katolik kilsəsi, yəhudi sinaqoqları məscidlərlə yanbayan dayanır. Bunlar Azərbaycanın reallıqlarıdır və dünya xəzinəsinə verdiyimiz töhfələrdir. Mən hesab edirəm ki, bizim təcrübəmiz hələ ki, lazımi səviyyədə öyrənilməyib. Öyrənilərsə əminəm ki, bizdə mövcud olan vəziyyət nümunə kimi istifadə oluna bilər.
"İlham Əliyev. İnkişaf - məqsədimizdir çoxcildliyinin 49-cu kitabında yer alan bu fikirləri dövlətimizin başçısı 2011-ci il dekabrın 22-də Bakıdakı Əjdərbəy məscidinin əsaslı təmir və yenidənqurmadan sonra açılışı mərasimində çıxış edərkən söyləyib.
Çoxcildliyin 49-cu kitabı Prezident İlham Əliyevin "Bakutel-2011 XVII Azərbaycan Beynəlxalq Telekommunikasiya və İnformasiya Texnologiyaları sərgisi və konfransının iştirakçılarına müraciətinin mətni ilə açılır.
Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri akademik Ramiz Mehdiyevin buraxılışına məsul olduğu çoxcildliyin 49-cu kitabına daxil olan materiallar 2011-ci ilin noyabrından 2012-ci ilin fevralınadək olan dövrü əhatə edir.
Bu cilddə dövlətimizin başçısının Rusiya Federasiyasına, İsveçrəyə, Almaniyaya, Belçikaya işgüzar səfərlərinə, Davos şəhərində keçirilən ənənəvi illik Dünya İqtisadi Forumunda iştirakına, müxtəlif ölkələrin dövlət və hökumət başçıları ilə apardığı danışıqlara, enerji və qeyri-neft sektoru üzrə bağlanmış müqavilə və sazişlərə dair materiallar toplanıb.
Azərbaycan Prezidentinin Türkiyə, Gürcüstan, Rusiya, Meksika, ABŞ, Latviya, Monteneqro, Koreya, Fransa və digər dövlətlərin, BMT, NATO, Avropa Parlamenti, Avropa İttifaqı, ATƏT və digər nüfuzlu qurumların ölkəmizə səfər etmiş yüksək vəzifəli şəxslərini, respublikamızın paytaxtında keçirilən beynəlxalq tədbirlərin iştirakçılarını qəbul etməsi barədə materiallar da nəşrin bu cildində yer alıb. Prezident İlham Əliyevin bütün görüş və danışıqlarında Ermənistanın işğalçılıq siyasəti diqqətə çatdırılır, regionun inkişafına mane olan Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüququn norma və prinsipləri çərçivəsində həllinə dəstək göstərilməsi üçün dünya ictimaiyyətinə çağırışlar edilir.
Kitabda dövlətimizin başçısının Azərbaycanın uğurlu daxili və xarici siyasətinə, ordu quruculuğuna, regionların sosial inkişafına, cəmiyyətimizin demokratikləşdirilməsinə, ictimai-siyasi həyatın digər sahələrinə dair nitqləri, çıxışları, tövsiyələri öz əksini tapıb. Həmçinin nəşrin bu cildinə Prezident İlham Əliyevin Sumqayıt və Gəncə şəhərlərinə, Ağcabədi, Goranboy və Qusar rayonlarına səfərlərinə, Bakıda aparılan abadlıq-quruculuq işləri ilə tanışlığına, bölgələrdə və paytaxtda müxtəlif infrastruktur obyektlərinin açılış mərasimlərində iştirakına, ictimaiyyət nümayəndələri ilə görüşlərinə dair materiallar, Nazirlər Kabinetinin 2011-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və 2012-ci ildə qarşıda duran vəzifələrə həsr olunmuş iclasında nitqləri daxil edilib.
Nəşrdə Azərbaycan Prezidentinin mədəniyyət və din xadimləri ilə görüşlərinə dair materiallar, kütləvi informasiya vasitələrinə, o cümlədən "Rossiya Dövlət Telekanalının "Hakimiyyət formulu verilişinə, İTAR-TASS agentliyinə (indiki TASS informasiya agentliyi) və "Rossiya-24 telekanalına müsahibələrinin mətnləri yer alıb.
Kitaba "Qeydlər, "Şəxsi adlar, "Coğrafi adlar göstəriciləri də daxil edilib.
"Azərnəşr tərəfindən buraxılan 49-cu kitabın hazırlanmasında Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC) materiallarından istifadə olunub.