Facebook sosial şəbəkəsinin yalan xəbərlərin yayılmasına qarşı tətbiq etdiyi üsul əks effekt verib.
Unikal.org publika.az-a istinadən xəbər verir ki, şirkət yalan xəbərlərin oxunmaması üçün tətbiq etdiyi üsulu ləğv etmək qərarına gəlib.
Belə ki, şirkət yalan xəbərlərin istifadəçilər arasında yayılmasının qarşısını almaq üçün mənbəyi məlum olmayan və yalan hesab etdiyi xəbərlərin yanında "mübahisəli" əlavəsini vermişdi. Bununla da yalan xəbər oxumaq istəməyənlərə seçim imkanı yaratmışdı. Lakin bu addım əks reaksiya ilə qarşılanıb. Çünki istifadəçilərin çoxu məhz bu cür yazıları oxumağa başlayıb.
Ona görə də, şirkət bu xidməti ləğv etmək qərarını verib. Bunun əvəzində xəbərlərin yanında "əlaqəli xəbərlər" əlavəsi vasitəsilə mənbəyi dəqiq olan məlumatlar veriləcək.
Sınaq mərhələsində tətbiq edilən yeni üsuldan sonra xəbərlərin oxunma sayında fərq olmadığını görüb. Lakin yalan xəbərlərin yanında daha dəqiq məlumatlar əlavəsi yer alandan sonra həmin xəbərlərin daha az paylaşıldığı müşahidə edilib.
Facebook hazırda yalan xəbərlərin yayılmasının qarşısını almaq üçün yeni üsullar axtardığını bildirib.