Ağdaşda 50 yaşlı kişini avtomobil vuraraq qaçıb

Ağdaş rayonunda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Unikal.org-un APA-ya istinadən xəbərinə görə, hadisə gecə saat 23:30 radələrində Bakı-Şamaxı-Yevlax avtomobil yolunun Ağdaşın Nemətabad kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Naməlum minik avtomobili yolu keçən Yevlax rayonunun Qaraoğlan kənd sakini, 1967-ci il təvəllüdlü Bəkirov Qara Damət oğlunu vuraraq hadisə yerindən uzaqlaşıb. Q.Bəkirov ağır bədən xəsarətləri aldığı üçün təcili yardım stansiyasının avtomobili ilə Ağdaş rayon Mərkəzi Xəstəxanasının reanimasiya şöbəsinə çatdırılıb. Hazırda onun vəziyyəti ağır olaraq qalır. Hadisəni törədərək qaçan sürücünün tapılması üçün polis əməkdaşları tərəfindən əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat şöbəsi tərəfindən araşdırma aparılır.