Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin tapşırığına əsasən cəbhəboyu zonada olan general-polkovnik Zakir Həsənov və nazirliyin digər rəhbər heyəti daha bir hərbi hissədə əsgərlərlə görüşüb, yeni inşa edilən qərargah binasının və hərbi texnika üçün saxlancların açılışında iştirak edib.
Bu barədə unikal.org-a Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Hərbi hissədə həyata keçirilən tikinti-quruculuq işləri barədə məruzə edildikdən sonra müdafiə naziri burada yaradılan şəraitlə tanış olub.
General-polkovnik Z.Həsənov qərargahda xidməti və inzibati otaqlara, eləcə də hərbi texnika üçün nəzərdə tutulmuş saxlanclara, avtoparka baxış keçirib müvafiq tapşırıqlar verib.
Ali Baş Komandanın Azərbaycan Ordusu qarşısında qoyduğu tapşırıqları bir daha şəxsi heyətin diqqətinə çatdıran müdafiə naziri, qarşıdan gələn bayramlar münasibətilə dövlət başçısı adından şəxsi heyəti təbrik edərək xidmətdə fərqlənənlərə mükafatlar və qiymətli hədiyyələr təqdim edib.