2017-ci ilin yanvar-noyabr aylarında Azərbaycanın nəqliyyat sektorunda 206,2 milyon ton yük daşınıb ki, bu 2016-cı ilin eyni dövrü ilə müqayisədə 1,8 faiz çoxdur.
Unikal.org Trend-ə istinadən xəbər verir ki, il ərzində qeyri-neft yüklərinin daşınması 3,5 faiz artıb və 156,6 milyon ton təşkil edib.
Yanvar-noyabr aylarında yük daşımaların 81,6 faizi özəl sektorun payına düşüb. Yüklərin 64,1 faizi avtomobil, 25,9 faizi boru kəməri, 6,3 faizi dəmir yolu, 3,6 faizi dəniz, 0,1 faizi isə hava nəqliyyatı ilə daşınıb.
Sərnişin nəqliyyatı vasitəsilə 11 ay ərzində 1,79 milyard nəfər daşınıb ki, bu da 2016-cı ilin eyni dövrü ilə müqayisədə 2,3 faiz çoxdur. Sərnişinlərin 88,1 faizi avtomobil, 11,6 faizi metro, qalanları isə hava və dəniz nəqliyyatı vasitələri ilə daşınıb.
Dəmir yolu nəqiyyatı vasitəsilə 13 milyon yük daşınıb. Bu, 2016-cı ilin eyni dövrü ilə müqayisədə 7,1 faiz azdır.
Hesabat dövründə dəniz nəqiyyatı ilə 7,47 milyon ton yük daşınıb ki, bu da 2016-cı ilin eyni dövrü ilə müqayisədə 44,6 faiz çoxdur. Daşınan yüklərin 48,6 faizi neft yüklərinin payına düşüb.
Hesabat dövründə avtomobil nəqiyyatı ilə 132,1 milyon ton yük daşınıb ki, bu da 2016-cı ilin eyni dövrü ilə müqayisədə 2,1 faiz çoxdur.
Avtomobil nəqliyyatı ilə sərnişin daşımaların həcmi qeyd edilən dövrdə 1,57 milyard təşkil edib (2016-cı ilin eyni dövrü ilə müqayisədə 1,8 faiz artım). Sərnişinlərin 96 faizi avtobusla, 4 faizi minik avtomobili ilə daşınıb.
Metro nəqliyyatının xidmətlərindən istifadə etmiş sərnişinlərin sayı 5,3 faiz artaraq 207,6 milyon nəfər olub.
Hava nəqliyyatı ilə 2,18 milyon və ya 18,9 faiz çox sərnişin daşınıb, daşımaların 99,9 faizi dövlət, 0,1 faizi isə özəl müəssisələrə məxsus nəqliyyat vasitələri ilə həyata keçirilib.