Dünyanın əksər yerində olduğu kimi, Azərbaycanda da yüksək vəzifəyə gedib çatmaq heç də asan deyil. Bunun enişli-yoxuşlu yolları, əzab-əziyyəti var. Təbii ki, söhbət kiminsə himayədarlığı sayəsində tez bir zamanda "yağlı kökə tapanlardan getmir.Təəssüf ki, belələri az deyil və asan yolla vəzifə təyinatı alan bu şəxslər işə başlayan kimi çapıb-talamağa cəhd göstərirlər. Bir çox hallarda da buna nail olmağı bacarırlar. Onların bu əməlləri daha yüksək vəzifədəki "dayıları işdən atılanda faş olur.

Unikal.org xəbər verir ki, Modern.az-ın yazdığına görə, bir sıra hallarda ölkə rəhbərliyinin etimad göstərib yüksək vəzifəyə təyin etdiyi məmurlar dərhal "qohumbazlıq xəstəliyini biruzə verir, tez bir zamanda nəzarətinə verilən qurumu öz qohum-əqrəbası, qardaşoğlu, bacıoğlu, yeznə-qayın, baldız, qohum-qonşu, tanış-bilişi ilə doldurur...

Yeyən kim, talayan kim, öz maraqları naminə pul silən kim... Maraqlar toqquşduğundan hamı bir-birinin səhvini bir növ malalamaqla məşğul olur. Rəhbər şəxs vəzifə ilə sağollaşan kimi isə payızın sarı yarpaqları kimi tökülməyə başlayırlar. Lap elə bu günlərdə 17 illik "taxt-tacından edilən eks-vergilər naziri Fazil Məmmədov kimi...

F.Məmmədov sabiqlər sırasına qatılandan sonra məlum oldu ki, sən demə bacısının əri onun tabeliyində olan nazirlikdə Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamenti rəisinin 1-ci müavini işləyirmiş. Qaynı postundan uzaqlaşan kimi isə Namiq Quliyev ərizə yazaraq işdən ayrılıb... Amma bu, yalnız faktlardan biridir...

"Korrupsiyaya qarşı mübarizə haqqında Azərbaycan Respublikasının Qanunun 7-ci maddəsinə əsasən, yaxın qohumların birgə işləməsinə yol verilmir.

Qanunda göstərilib ki, vəzifəli şəxslərin yaxın qohumları, seçkili vəzifələr və qanunvericiliklə nəzərdə tutulan digər hallar istisna olmaqla, bilavasitə onun tabeliyində olan heç bir vəzifə tuta bilməzlər.

Qanunun bu maddəsini pozan şəxslər həmin tələblərin pozulması müəyyən edildikdən sonra 30 gün müddətində həmin pozuntunu könüllü olaraq aradan qaldırmadıqları halda tabeçiliyi istisna edən başqa vəzifəyə keçirilməli, bu mümkün olmadıqda isə həmin şəxslərdən biri tutduğu vəzifədən azad olunmalıdır.

Göstərilən əsaslar üzrə vəzifədən azad olunmuş şəxslər digər orqanlarda, idarə, müəssisə və təşkilatlarda vəzifə tuta bilərlər.

Konstitusiya Araşdırmaları Fondunun rəhbəri Əliməmməd Nuriyev sayta deyib ki, yaxın qohumların eyni qurumlarda, tabeli münasibətlərdə çalışması yolverilməzdir:

"Bu maraqlar toqquşmasına, korrupsiya faktlarının artmasına, etik davranış qaydalarının pozulmasına gətirib çıxarır. İstər Azərbaycan qanunvericiliyində, istərsə də beynəlxalq qanunvericilikdə qohumların eyni müəssisələrdə, tabeli münasibətlərdə işləməsinə icazə verilmir. Eyni zamanda, bir-birinə münasibətdə kontrol nəzarət funksiyasının həyata keçirilməsi maraqlar toqquşması şəraiti hesab olunur. Çox təəssüf ki, bizdə ayrı-ayrı nazirliklərdə tabeli münasibətlərdə qohumlar çalışır.Hətta nazirliyin mərkəzi Aparatı ilə yerlərdəki strukturlarında çalışan, birbaşa həmin qurumların vəzifəli şəxslərinə münasibətdə kontrol nəzarət funksiyasının həyata keçirən şəxslərin bir-birilə qohumluq əlaqələrinin olması barədə faktlar var. Bunlar tez-tez rast gəlinən hallardır. Təəssüf ki, bir sıra hallarda "Korrupsiya qarşı mübarizə haqqında Qanunun, eyni zamanda "Dövət qulluğu haqqında Qanunun tələblərinin pozulmasının şahidi oluruq.

Hüquqşünas belə faktların mövcudluğunun sirr olmadığını bildirib: "Elmi adı nepatizmdir, yaxın qohumların tabeçilik münasibətlərində işləməsi, yaxud vəzifəli şəxsin qohum və dostlarını ətrafında toplayaraq hansısa idarədə, müəssisədə çalışması anlamını ifadə edir.


Qeyd edək ki, bu məfhum adını latınca "bacıoğlu sözündən götürür və elə tarixdə ən məşhur nümunələri də katolik kilsəsi rəhbərlərinin bacı və qardaş oğulları ilə bağlıdır. Orta əsrlərdə (dini qaydalara əsasən, öz uşaqları olmayan) Roma papaları kardinal rütbələrini və kilsə torpaqlarını öz bacıoğlularına verərlərmiş.

Ə.Nuriyevin sözlərinə görə, yaxın qohumların eyni müəssisədə çalışması qadağan olunmasına baxmayaraq, tətbiqi mexanizmləri yoxdur:

"Hətta bu məsələlərə görə məsuliyyəti müəyyənləşdirən normalar da yoxdur. Bu sahədə qanunda boşluqlar var. Əlbəttə ki, bu, seçkili orqanlara şamil olunmur. O şəxslər ki, konstitusion institutların təşkilindədir, onların qohumları ilə birlikdə çalışmaları qadağan olunmur.

Problemin aradan qaldırılması üçün maneələrdən biri də vəzifəli şəxslərin maraqlarını toqquşmasının qarşısının alınması haqqında qanunun olmamasıdır. Bu da müəyyən dərəcədə problemi həll edə bilər