Təəssüf ki, bir çox hallarda beynəlxalq hüququn normalarına riayət olunmur. Bəzən kobud şəkildə pozulur. Bununla da dünyanın nizamı pozulur.
Unikal.org-un məlumatına görə, bunu Azərbaycan Prezidenti İlham Əliyev Moskvada keçirilən MDB dövlət başçılarının qeyri-rəsmi görüşündə çıxışı zamanı bildirib.
Dövlətimizin başçısı qeyd edib: "İctimai-siyasi sabitlik olmadan uğura nail olmaq mümkün deyil. Biz son illərdə kifayət qədər qanlı hadisələrin, toqquşmaların, ədavətin, dinlərarası qarşıdurmaların, konfessiyalararası ziddiyyətlərin, etnik münaqişələrin şahidi olmuşuq. Buna görə də mövcud beynəlxalq mənzərə bir daha Sizin həyata keçirdiyiniz kursun doğruluğunu göstərir. Bu gün Rusiya sabitləşdirici amildir. Əlbəttə, bir daha demək istəyirəm, yaxın qonşu, dost və tərəfdaş kimi biz, təbii ki, Rusiyada baş verən prosesləri çox maraqla izləyirik. Təəssüf ki, bir çox hallarda beynəlxalq hüququn normalarına riayət olunmur. Bəzən kobud şəkildə pozulur. Bununla da dünyanın nizamı pozulur. O dünya nizamı ki, İkinci Dünya müharibəsi qurtardıqdan sonra yaradılmışdı. Sizin beynəlxalq hüququn normalarına şəxsi sədaqətiniz beynəlxalq hüququn normalarının pozulmasından zərər çəkən bütün ölkələrə ədalətin bərpa olunacağına böyük ümid verir".