Bakıda 7 avtomobili oğurlayaraq hissələrə bölüb satan şəxs yaxalanıb.
Daxili İşlər Nazirliyindən Unikal.org-a verilən məlumata görə, Sabunçu RPİ-nin 13-cü Polis Bölməsinin əməkdaşları tərəfindən paytaxt ərazisində avtomobilləri qaçıran, həmin nəqliyyat vasitələrini sökərək ehtiyat hissələri şəklində satan şəxslərə qarşı növbəti əməliyyat tədbiri həyata keçirilib.
Belə ki, Bakıxanov qəsəbə sakini Emin Qurbanov Polis Bölməsinə ərizə ilə müraciət edərək ona məxsus "VAZ-2107 markalı avtomobilin naməlum şəraitdə qaçırıldığını bildirib.
Həyata keçirilən əməliyyat-axtarış tədbiri nəticəsində qeyd edilən cinayəti törətməkdə şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Amin Ramazanov saxlanılıb.
Araşdırma zamanı saxlanılan şəxsin paytaxtın Xətai, Suraxanı və Nizami rayonlarında da analoji cinayətlər törətməsi, ümumilikdə 7 avtomaşını qaçırdığı məlum olub.
A.Ramazanov ifadəsində həmin nəqliyyat vasitələrinin akkumlyatorlarını və digər hissələrini sökərək satdığını bildirib.
Qeyd edilən faktlarla bağlı Sabunçu Rayon Polis İdarəsində cinayət işləri başlanılıb, zəruri istintaq hərəkətləri aparılır.