"Hazırkı hərbi təxribatlar Almaniyanın regionda sülhü dəstəkləmək və Azərbaycanın ərazi bütövlüyünü qorumaq cəhdlərinə mane olur".
Unikal.org APA-ya istinadən məlumatına görə, bunu Almaniya Bundestaqının CDU/CSU koalisiyasından olan deputatı Helmut Novak Avropa Azərbaycan Cəmiyyətinin sorğusuna cavab olaraq bildirib.
H. Novak qeyd edib ki, ATƏT-in hazırkı sədri olan Almaniya Federativ Respublikası "dondurulmuş münaqişələrin" həlli ilə daha çox məşğul olacağını bəyan edib: "Bu kontekstdə birtərəfli təcavüz bir çox aspektlərdə problemli görünür. Bu, birtərəfli qaydada atəşkəs rejiminin pozulması anlamına gəlir. Almaniya qüvvədə olan beynəlxalq hüququn hər hansı formada pozulmasını qınayır. Təəssüf ki, hazırkı hərbi təxribatlar Almaniyanın regionda sülhü dəstəkləmək və Azərbaycanın ərazi bütövlüyünü qorumaq cəhdlərinə mane olur. Bu halda mülki əhaliyə qarşı hərbi həmlələrin baş verməsi qəbuledilməzdir".
 
Qeyd edək ki, Dağlıq Qarabağ münaqişəsinin müasir mərhələsi 1988-ci ildə Ermənistan SSR-in Azərbaycan SSR-ə qarşı ərazi iddiaları əsasında başlayıb.
 
1991-1994-cü illərdə Azərbaycanın Dağlıq Qarabağ ərazisi uğrunda Ermənistanla Azərbaycan arasında şiddətli müharibə baş verib. Nəticədə Azərbaycan ərazilərinin 20 faizi - Dağlıq Qarabağ və ətraf 7 inzibati rayon (Laçın, Kəlbəcər, Ağdam, Füzuli, Cəbrayıl, Qubadlı, Zəngilan) Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal olunub, 1 milyondan artıq insan qaçqın və məcburi köçkün vəziyyətinə düşüb. Hərbi əməliyyatlar 1994-cü ilin may ayında Bişkekdə Azərbaycan və Ermənistan arasında imzalanmış atəşkəs sazişi ilə başa çatıb.
 
Dağlıq Qarabağ münaqişəsinin həlli ilə ATƏT-in Minsk qrupu məşğul olur. Qrup ATƏT-in Nazirlər Şurasının 1992-ci ilin 24 martında Helsinkidə keçirilmiş görüşündə yaradılıb. Qrupun üzvləri Azərbaycan, Ermənistan, Rusiya, Amerika Birləşmiş Ştatları, Fransa, İtaliya, Almaniya, Türkiyə, Belarus, Finlandiya və İsveçdir.
 
1996-cı ilin dekabrından onun Rusiya, ABŞ və Fransadan ibarət həmsədrlik institutu fəaliyyət göstərir.
 
Ermənistan qoşunlarının Dağlıq Qarabağdan qeyd-şərtsiz çıxarılması ilə bağlı BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qısa fasilələrlə qəbul edilmiş 822, 853, 874 və 884 saylı qətnamələri, o cümlədən BMT Baş Assambleyası, AŞPA, ATƏT, İƏT və digər təşkilat və qurumların qətnamələri mövcuddur.