15 yaşlı Rüfət İmamverdiyev quldurluqda, hədə-qoxu ilə pul tələb etmədə, hətta qəsdən sağlamlığa ağır xəsarət yetirməkdə ittiham edilir. O, bir neçə nəfəri bıçaqla və döyməklə hədələyərək telefonunu, pulunu alıb. Zərərçəkmişlər deyirlər ki, R.İmamverdiyev özünü yaşadığı ərazidə "vəziyyətə baxan şəxs" kimi təqdim edirmiş.
Unikal.org Musavat.com-a istinadən xəbər verir ki, 2002-ci il təvəllüdlü Rüfət İmamverdiyevin cinayət işi üzrə məhkəmə iclası Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əhməd Quliyevin sədrliyi ilə davam edir.
Sonuncu məhkəmə iclasında dövlət ittihamçısı ittiham aktını elan edib. Prosesdə zərərçəkmiş şəxslər də iştirak edib.
İttihamda yazılır ki, Rüfət İmamverdiyev özgənin əmlakını ələ keçirmək məqsədi ilə bir neçə cinayət əməli törədib. Belə ki, Kamal Abbasovu bıçaqla hədələyərək mobil telefonunu əlindən alıb. R.İmamverdiyev Telefonu vermək istəməyən K.Abbasovun başına bıçağın arxası ilə bir neçə zərbə vurub.
R.İmamverdiyev daha sonra Nadir Novruzov adlı şəxsin maşınını oğurlayıb. O, oğurladığı avtomobili yol kənarındakı turbaya çırparaq 1400 manatlıq zərər vurub.
Digər zərərçəkmiş isə Rahib Rüstəmovdur. 15 yaşlı Rüfət döyməklə və bıçaqlamaqla hədələyərək Rahib Rüstəmovdan pul tələb edib. Bu zaman Rüfət tək olmayıb. Onlar pulu alan zaman R.Rüstəmovun sol ayağına bıçaqla vurublar.
Rüfət İmamverdiyev daha bir cianyət əməlini dostları ilə törədib. O, tanışları ilə birgə sosial şəbəkə vasitəsi ilə Orxan Əlizadə adlı şəxsi kafeyə çağırıb, pul tələb ediblər. Rüfət üstündə gəzdirdiyi bıçağı çıxararaq Orxanı hədələyib və telefonunu alıb.
İttiham elan edilən zaman Rüfət İmamverdiyev diqqətlə dövlət ittihamçısına qulaq asıb. Sonra isə hakim ondan ittihama münasibət bildirməsini istəyib. Amma Rüfət sadəcə "heç nə, təqsirliyəm" deməklə kifayətlənib. İdman görkəmli Rüfət xarici görünüşcə heç də 15 yaşlı gəncə bənzəmir. Elə zərərçəkmişlər də deyir ki, Rüfət bu fiziki gücündən, üstünlüyündən istifadə edərək onlara hədə-qorxu gəlib.
R.İmamverdiyev özünü təqsirli bildiyi üçün məhkəmə istintaqı zərərçəkmişlərin dindirilməsi ilə davam edib. Zərərçəkmiş Habil Allahverənov ifadəsində bildirib ki, Rüfət ona məxsus mağazadan bir neçə dəfə satıcını hədələyərək pul götürüb.
H.Allahverənov deyib ki, Rüfətin yaşını nəzərə alaraq ilk əməllərinə görə ondan şikayətçi olmayıb: "Mən onu 2-3 dəfə çağırıb başa saldım. Yaşı az olduğu üçün istəmirdim şikayət edim. Amma artıq bezdim. Sonuncu dəfə bu hərəkəti edəndə "102"yə zəng edib məlumat verdim. Mənə ümumilikdə 1000 manatdan çox zərər dəyib. Əgər dəymiş zərər ödənilərsə, şikayətçi olmaram. İttihamda iki epizod yazılıb. Biri 600, digəri 650 manat. Əvvəlki əməllərinə görə tələbim yoxdur. Amma bu zərərin ödənilməsini tələb edirəm".
R.İmamverdiyev zərərçəkmişin dediklərinə münasibət bildirməyib və deyilənlərlə razılaşıb.
Digər zərəçəkmiş Rahib Rüstəmov isə ifadəsində göstərib ki, hadisə baş verənə qədər və daha əvvəl Rüfətlə şəxsi qərəzi, problemi olmayıb.
O, məhəllələrində olan kluba gəlib-getdiyini, Rüfətlə də tez-tez görüşdüyünü deyib. Hadisə də sonuncu dəfə klubda görüşərkən baş verib. Onlar əvvəlcə mübahisə ediblər. Buna səbəb isə Rüfətin Rahib Rüstəmovdan pul istəməsi olub.
"Klubda oturmuşduq. Məni çölə çağırdı. İşi olduğunu söylədi. Dedi ki, ona 50 manat lazımdır.
Cibimdə cəmi 1 manat 40 qəpik var idi. Dedi ki, təcili lazımdır. Rüfət dedi ki, evdə 50 manat yoxdu ki? Yoxumdur deyəndə başladı şillə vurmağa. Gülməmmədlə ikisi məni döydü.
Gülməmmədin qardaşına, Rüfətin də əmisinə dedim. Əmisi dedi ki, bir də olmaz. Dedim olsa, başqa cür olacaq. Həmin vaxt sifətim pis gündə idi. 3-4 gün sonra yenə kluba gəlmişdim. Başqa bir masada oturan şəxsi Rüfət qaldırdı. Dedi ki, burada oturmaq olmaz. Başladı həmin oğlanı şillələməyə. Mən də dedim ki, yaxşı deyil. Camaata belə eləmək olmaz. Qayıtdı ki, sən bu işə qarışma, mənə yumruq atdı. Yenə mübahisə elədik. Çölə çıxdıq. Məni döyməyə başladı. Gülməmməd də yanında idi. O da məni vurdu. Cibimdə 40 manatdan çox pul var idi. Gödəkçə almaq üçün evdən 50 manat götürmüşdüm. Bir dönər, bir də su almışdım. Qalan pul da cibimdə idi. Hamısını götürdülər.
Zərərçəkmiş söyləyib ki, Rəşad bir neçə dəfə özünü yaşadıqları məhəllədə "polojeniyaya baxan şəxs kimi təqdim edirdi: "Məni bir dəfə görəndə dedi ki, burada vəziyyətə baxır. Həmin məhəlləyə gəlmək üçün ona pul verməliyəm.
Rüfət İmmaverdiyev isə zərərçəkmişi gülümsəyərək izləyib. Amma sonda zərərçəkmişin iddialarına münasibət bildirmək istəməyib..
Zərərçəkmiş Orxan Əlizadə isə ifadəsində hazırda şikayətinin olmadığını deyib.
"İşlədiyim mağazada kassanın pulunu istədi. Mən də vermədim. Dedi ki, telefonu ver. Bıçaq çıxarıb hədələməyə başladı. Telefonu götürüb gedəndə dedim ki, qayatarsan, şikayət etməyəcəm. Amma qaytarmadı. Sonra telefonumu qaytardılar. İndi şikayət və tələbim yoxdur.
Qeyd edək ki, Rüfət İmamverdiyev Cinayət Məcəlləsinin 181.2.1 (quldurluq, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə), 181.2.2 (hədə-qorxu yolu ilə təkrar pul tələb etmə), 181.2.3-cü (quldurluq, yaşayış sahəsinə qanunsuz olaraq girməklə törədildikdə), 185.2.4-cü və 126.1 (qəsdən sağlamlığa ağır xəsarət yetirmə) maddələri ilə ittiham edilir.