Bakıda tanınmış həkimi şantaj edərək pul tələb etməkdə təqsirli bilinən Elnur İbrahimovun cinayət işi üzrə məhkəmə davam edib.
Unikal.org-un lent.az-a istinadən məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Rasim Sadıxovun sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı Fərid Nağıyev çıxış edib.
Prokuror çıxışında Elnur İbrahimov barəsində olan polis nəzarətində qətimkan tədbirinin dəyişdirilərək, həbslə əvəzlənməsini və onun 8 il müddətinə azadlıqdan məhrum edilməsini tələb edib.
Həkimin nümayəndəsi çıxış edərək prokurorla razı olduğunu qeyd edib.
Elnur İbrahimovun vəkili çıxış üçün vaxt tələb edib.
Qeyd edək ki, Elnur İbrahimov Bakıda fəaliyyət göstərən klinikalarının birində işləyən, özündən yaşca çox böyük olan tanınmış nevropatoloq və EEG həkimi X.G. ilə sosial şəbəkədə (ok.ru) tanış olub. Daha sonra Elnur İbrahimov qadınla münasibət quraraq, onu rüsvay etməklə şantaj edib, 8 min manatdan çox pulunu alıb. Daha sonra qadın ondan polisə şikayət edib. Polis əməkdaşları Elnur İbrahimovu saxlayıb. Onun barəsində nə istintaq, nə də məhkəmə dövründə həbs qətimkan tədbiri seçilib.
Elnur İbrahimov ittihamları qəbul etmir. O bildirib ki, pulu həkimdən yardım məqsədilə istəyib.