Xəbər verdiyimiz kimi, "Hababam sinfi" filmlərində Mahmud hoca rolunu oynayıb və Azərbaycanda da tamaşaçı rəğbətini qazan Türkiyənin məşhur aktyoru Munir Özkul vəfat edib.
Unikal.org xəbər verir ki, mərhum aktyor Azərbaycana da bağlılığı olan adam kimi tanınırdı. O, müstəqillik illərindən sonra Azərbaycana gəlmək istəsə də işinin çoxluğu və son illər səhhətində yaranan problər təəssüf ki, buna imkan verməmişdi.
O, ömründə bir dəfə Azərbaycanda olub. Belə ki, aktyor 1977-ci ildə "Bizim Ailə" filmində canlandırdığı "Yaşar Usta" roluna görə, Azərbaycan Film Festivalında xüsusi mükafata layiq görülüb. Mükafatlandırma mərasimində şəxsən özü iştirak edib.
Xatırladaq ki, M.Özkul 15 avqust 1925-ci ildə İstanbulun Bakırköy məhəlləsində anadan olub. O, məşhur "Hababam sinfi" filmlərində Mahmud hoca rolunu oynayıb və tamaşaçı rəğbətini qazanıb. M.Özkul karyerası boyu təxminən 10 serial, 20 tamaşa ve 220 filmdə rol alıb. "Sev Kardeşim filmindəki oyunuyla 1972-ci il Qızıl Portağal Film Festivalında "ən yaxşı kişi aktyor" mükafatını qazanıb.