Bakıda tanışını bıçaqlamaqda təqsirləndirilən Mirqələm Tağıyev barəsində olan hökmdən apellyasiya şikayəti verib.
Unikal.org-un"Report"a istinadən məlumatına görə, Bakı Apellyasiya Məhkəməsində keçiriləcək iclas yanvarın 9-na təyin edilib.
Şikayət hakim Qail Məmmədovun sədrliyi ilə araşdırılacaq.
İttiham aktına əsasən, Cəlilabad rayon sakini, 24 yaşlı M.Tağıyev 23 iyun 2017-ci ildə Binə qəsəbəsində tanışı Alik Əhmədovla mübahisə edib. İnsident zamanı M.Tağıyev bıçaqla A.Əhmədova zərbə endirib. Ağır dərəcəli bədən xəsarəti almış yaralı Sabunçu rayon xəstəxanasına çatdırılıb və onun həyatını xilas etmək mümkün olub.
Törətdiyi cinayət əməlinə görə M.Tağıyevə qarşı Cinayət Məcəlləsinin 126.2.4-cü (qəsdən sağlamlığa ağır zərər vurma) və 228.4-cü (qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə) maddəsi ilə ittiham irəli sürülüb, barəsində həbs-qətimkan tədbiri seçilib.
M.Tağıyev ifadəsində hadisə baş verən gün tanışı A.Əhmədovun içkili olduğunu və onu heç bir səbəb olmadan söydüyünü göstərib.
Zərərçəkmiş A.Əhmədov dindirilərkən M.Tağıyevlə barışdığını, ondan şikayətçi olmadığını deyib.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə M.Tağıyev 7 il müddətinə azadlıqdan məhrum edilib.