Sosial şəbəkələrdə tez-tez psixoloji testlərlə qarşılaşırıq. "Bu şəklə baxanda nə görürsünüz? Yaşlı qadın ya cavan qız? Və yaxud "şəkildə dovşan görürsünüz,ya at? kimi...

Bu suallar yəqin ki, hamıya tanışdır. Deyilənə görə, şəkildə cavan qız görənlər daha çox optimist, yaşlı qadın görənlər isə pessimist hesab edilir.

Maraqlısı bundadır ki, həqiqətən eyni şəkil haqqında insanların fikirləri müxtəlif olur. Hətta bəzi şəxslər variantların heç birini görmədiklərini, təmamilə başqa nəsə gördüklərini iddia edirlər. Eyni zamanda bu şəkildəki rənglərə də aiddir. Bir insanın yaşıl rəngdə gördüyü nəyisə,digəri göy rəngdə görür.

Bəs bu nə ilə əlaqədardır?

Unikal.org-un məlumatına görə, psixiatr Nadir İsmayılov Modern.az-a açıqlamasında bildirib ki, bu hal illüziya ilə əlaqədardır: " Bu, real obyektin dəyişilmiş formada qavranılmasıdır. Bu hal sağlam insanlarda da nümayiş olunur. Ancaq əksər hallarda xəstə insanlarda bu hal özünü göstərir. Bunu rənglərə də aid etmək olar.

Psixoloq Elnur Rüstəmovun sözlərinə görə, belə şəkillərlə bir insanın optimist və ya pessimist olmasını müəyyən etmək mümkün deyil. Bu sadəcə psixoloji testi yaradanların bir növ şəklə cəlb etmək üçün vasitəsidir: " Əsasən belə testlərə biz sosial şəbəkələrdə rast gəlirik. Bu cür şəkilləri ilkin bir fikir formalaşdırmaq üçün verirlər. Ancaq onların ciddi bir əsası yoxdur.

Elnur Rüstəmov qeyd edib ki, insanların şəklə baxıb fərqli şey görməsi əslində normal bir haldır:

"İnsanın gün ərzində əhvalı dəfələrlə dəyişə bilər. Və ya şəklə baxdığı anda diqqəti yayına bilər. Ola bilər ki, əhvalı yaxşı olan insan şəkildə pozitiv nəsə görsün, yaxud əksinə. Ona görə bu nisbi bir fikirdir,tam fikir deyil.
Psixoloq İbrahim İbrahimov bildirib ki, bu testlərə nəyinsə fərqli məkana köçürülməsi deyilir.
"İnsanlar divara baxarkən belə, beynində nə varsa onu görə bilər. Əks etdirmə testləri pixoanaliz nəzəriyyəsində geniş istifadə olunur. Psixoanaliz insanın şüur altından bəhs edən bir elmdir.İ nsanın şüur altında nə var öyrənmək üçün bu testlərdən istifadə olunur. Əsasən bunlar qorxu və şəhvət hissi olur.
Psixoloq söyləyib ki, şəkillərdə bəzi insanlar yaşlı qadın, bəzi insanlar cavan qız görə bilərlər:
"Cavan qız görənlər deyə bilərik ki, gənc, romantik insandır, cinsi hormonları daha yüksək olan insandır. Yaşlı qadın isə qorxuları əks etdirir, qorxu problemlərini üzə çıxarır. Əks etdirmə testlərinin əsas məqsədi də budur. Belə testlər çoxdur. Məsələn, uşaqlarla işlənən testlərdə ondan şəkil çəkməsini xahiş edirsən, şəkil çəkdikdən sonra görürsən ki, şəkildə hər hansı fiqur yoxdur. Bu uşağın hansısa psixoloji problemindən irəli gəlir.

İbrahim İbrahimovun sözlərinə görə insanların şəkillərdə fərqli rəngləri görməsi normal haldır: "Məsələn mən bir gül adı çəksəm, tutaq ki, lalə desəm hər kəs onu fərqli rənglərdə görər. Bunların hamısı şüuraltı ilə bağlıdır. Hər kəsin fərqli dünyası var. Bu normal qarşılanmalıdır.

Psixoloq Gülər Məmmədova açıqlamasında bunu illüziya ilə əsaslandırdı:

"Həmin şəkilləri rəssamlar elə tərzdə təqdim edirlər ki, hər kəs öz psixoloji durumuna uyğun olaraq həmin şəkli görə bilər. Tutaq bir qadın şəkli var, onu həm yaşlı qadın, həm də cavan qız kimi görmək olar. Orada qadını necə görəcəyin sənin psixoloji durumunla əlaqədardır. Və yaxud həm dovşan, həm də at şəkli kimi görünə bilir.

Gülər Məmmədovanın sözlərinə görə, insanlar bu gün o qədər gərgin,o qədər informasiya il-™ dolu, depressiv halda yaşayırlar ki, təqdim olunan şəkillərdə özlərini tapmağa çalışırlar:
"Məsələn, şəklə baxır və neqativ nəsə görürlərsə, elə bilirlər ki, qeyd olunduğu kimi, həqiqətən psixoloji cəhətdən çökmüş bir insandır. Amma bu özünü tam doğrultmamış faktdır.