Benzin, dırnaq lakı və ya digər kəskin kimyəvi maddələrin qoxusuna qarşı həddindən artıq maraq bəzən zərərsiz görünsə də, bu, psixoloji pozuntuların əlaməti ola bilər.
"Unikal" xəbər verir ki, bu barədə rusiyalı nevroloq Yekaterina Demyanovskaya yerli mətbuata açıqlamasında deyib.
Ekspertin sözlərinə görə, insanın qoxuları qəbul etməsi yalnız xoş xatirələri yada salmaq və ya iştahı oyatmaqla bitmir – bu hiss həm də təhlükə barədə xəbərdarlıq funksiyasını yerinə yetirir. Qoxuların qəbulunda isə olduqca mürəkkəb bir sistem - olfaktor sistem iştirak edir.
Qoxular beynimizdə necə işlənir?
Demyanovskayanın açıqlamasına görə, əvvəlcə qoxunun molekulları burundakı xüsusi neyronlar vasitəsilə qəbul edilir, daha sonra bu siqnallar beyində yerləşən xüsusi qoxu mərkəzinə ötürülür. Bu mərkəz alın payının alt hissəsində, burun körpüsünün bir qədər yuxarısında yerləşir və beynin digər sahələri ilə sıx əlaqəlidir.
“İnsan bir qoxunu hiss etdikdə, beyində böyük və kompleks bir proses baş verir – bir sahə qoxunu tanıyır, digəri onu xatirələrlə əlaqələndirir, üçüncüsü isə onun xoş, yoxsa xoşagəlməz olduğunu müəyyənləşdirir. Məsələn, təzə bişmiş çörəyin qoxusu iştahı oyadırsa, bəzi kəskin kimyəvi qoxular isə əksinə, başı çevirmək, burnu tutmaq və həmin yerdən uzaqlaşmaq istəyinə səbəb olur. Hətta bəzən bu cür qoxular qusma refleksini belə işə sala bilər”, - deyə nevroloq bildirib.
Nəticə olaraq, ekspert bildirir ki, qeyri-adi qoxulara qarşı güclü maraq daim müşahidə olunursa və bu vərdiş gündəlik həyata təsir edirsə, bu, sinir sistemində və ya psixi sağlamlıqda müəyyən problemlərin siqnalı ola bilər.