2018-ci il prezident seçkiləri ilidir. YAP seçkilərə necə hazırlaşır?
Unikal.org xəbər verir ki, Yeni Azərbaycan Partiyasının icra katibinin müavini, Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzovun SƏS TV-yə bu barədə danışıb.
Həmin açıqlamanı sizlərə təqdim edirik:
"- Qeyd edim ki, biz hər bir seçkiyə qabaqcadan hazırlaşırıq. 2017-ci ildə ölkədə digər məsələlərlə yanaşı - iqtisadiyyatda, xarici və daxili siyasətdə, sənayedə, kənd təsərrüfatında uğurlar əldə olundu. Həmçinin 2017-ci il seçki ili olmadığına görə YAP partiyadaxili fəaliyyətinin möhkəmlənməsi ilə, partiyada ideya siyasi işinin, təşkilati işin gücləndirilməsi, maddi-texniki bazasının möhkəmləndirilməsi, o cümlədən partiya Nizamnaməsinə uyğun olaraq YAP-ın rayon və şəhər təşkilatlarında konfransların keçirilməsi ilə məşğul oldu. Bildiyiniz kimi 84 şəhər və rayon təşkilatımız var. Bu 84 şəhər və rayon təşkilatında YAP ilin əvvəlindən başlayaraq, ilin sonunadək konfranslarını keçirdi və yekunlaşdırdı. Beləcə, yeni tərkib, heyət, şura, yeni nəzarət-təftiş qrupları, o cümlədən müəyyən rayonlarda sədrlərin bu və ya digər səbəblərdən dəyişdirilməsi prosesi baş verdi. 2018-ci ilin başlanğıcında bizim rayon və şəhər təşkilatları həm maddi-texniki baza, təşkilati baxımından, həm də tərkib baxımından seçkilərin hazırlanıb keçirilməsinə tam şəkildə hazırdır. Bununla bağlı bu yaxınlarda YAP-ın İdarə Heyətinin müvafiq toplantısı keçiriləcək. Burada 2017-ci ilə yekun vurularaq həm partiyanın statistik hesabatı, həm də digər məsələlər öz təsdiqini tapacaq. Həmçinin də qarşıda duran vəzifələr, tədbirlər planı müzakirə olunub əlavələr və düzəlişlərlə birlikdə qəbul olunacaq. 2018-ci il prezident seçkiləri ilə əlaqədar partiya seçki planını yazıb və hazırlayır. Bu il YAP bütün gücünü, istiqamətlərini prezident seçkilərinə yönəldəcək. Təbii ki, bununla bağlı digər tədbirlər də var. Bildiyiniz kimi, bu il Azərbaycanın öz müstəqilliyini bərpa etməsinin 100 illiyi, eləcə də Ümummilli Lider Heydər Əliyevin 95 illiyi qeyd olunacaq. YAP bütün bu proseslərə hazırlaşır. Təbii ki, Azərbaycan dövlətinin də bununla bağlı müvafiq tədbirlər planı olacaq. Biz də öz planımızı o tədbirlər planına uyğunlaşdıracağıq. Bu baxımdan biz artıq yerlərdə kimlərin bu seçki prosesinə cəlb olunmasını, kimlərin imza toplayacağını, kimlərin təbliğat-təşviqat kampaniyasında iştirakını analiz və təhlil etdikdən sonra o qrupların hazırlanması, formalaşması, onlara treninqlərin keçirilməsini müəyyənləşdirəcəyik. Bu il həmçinin YAP öz namizədini irəli sürməlidir. Bütün seçkilərdə YAP aktiv iştirak edib və həmişə də qalib gəlib. 2018-ci il prezident seçkilərində də biz öz qələbəmizə inanırıq. Çünki bizim namizədin alternativi yoxdur. Bu baxımdan da partiyanın növbəti qurultayının vaxtıdır. Qurultayın çağırılması və qurultayda namizədin irəli sürülməsi prosesi var ki, bu da Nizamnamədə göstərilən sədr, siyasi şura tərəfindən həyata keçirilə bilər. Eləcə də üzvlərinin 2/3 tərəfindən qurultay çağırıla bilər. O baxımdan da bu qərar verildikdən sonra qurultaya da hazırlıq işləri gedəcək. Təbii ki, bu da sırf seçki ilə bağlı olan bir prosesdir. Biz adətən seçkini üç istiqamətdə həyata keçiririk. İlkin mərhələdə həyata keçirilən konfranslardır, partiyanın maddi-texniki bazasının möhkəmləndirilməsidir, qərargahların iş şəraitinin yaxşılaşdırılmasıdır, işçilərin təhsili, iş qabiliyyəti ilə bağlı testlərdən keçirilməsidir.
Bəzən görürsən ki, seçki elan olunur, amma bəzi qüvvələr hələ də namizəd müəyyənləşdirməyiblər və sonradan hay-küy salmağa başlayırlar ki, biz az səs topladıq. Bunu istənilən Qərb ölkəsində desən, onu gülməli qarşılayarlar. Məsələn, ABŞ-da, Avropada 3 il qabaqcadan namizədin kim olacağı müəyyən olunur. Azərbaycanda isə müəyyən təşkilatlar, qurumlar var ki, seçki elan olunur, amma namizədin kim olduğu bilinmir. Namizədin irəli sürülməsinə beş gün qalmış namizəd irəli sürürlər və sonradan başlayırlar ki, iqtidar bizə mane oldu və biz imza toplaya bilmədik".