Ötən il aparılmış köklü islahatlar nəticəsində pensiya sistemi qeyri-sığorta elementlərindən əsasən təmizlənib, sığorta-pensiya sisteminin öhdəlikləri ilə dövlət büdcəsinin öhdəlikləri bir-birindən tamamilə ayrılıb, fərdi uçot sistemində "açıq hesab prinsipi tətbiq olunub və işləyən pensiyaçılara hər 72 aydan bir fərdi hesablarında yığılmış vəsaitlərdən istifadə edərək pensiyalarını artırmaq imkanı verilib.
Unikal.org xəbər verir ki, bunu bu gün Azərbaycan prezidenti İlham Əliyevin sədrliyi ilə keçirilən Nazirlər Kabinetinin 2017-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov deyib.
Nazirin sözlərinə görə, altı ay ərzində 17 min 430 nəfər işləyən pensiyaçı bu hüquqdan istifadə edib və onların aylıq pensiyasının artımı orta hesabla 146 manat olub ki, bu da hər ay onlara 2,5 milyon manat əlavə vəsaitin ödənilməsi deməkdir.
"Məşğulluq imkanlarının genişlənməsi, xüsusilə də regionlarda əhalinin kənd təsərrüfatı işlərinə geniş cəlb olunaraq gəlir əldə etmək imkanlarının güclənməsi ünvanlı sosial yardım proqramına müraciətlərin sayını azaldıb. 2017-ci ilin əvvəlində 159,5 min ailə ünvanlı sosial yardım alırdısa, ilin sonuna belə ailələrin sayı iki dəfə azalaraq 80 min, il ərzində orta aylıq sayı 116 min olub, müraciətlərin sayı isə ilin əvvəlinə nisbətən dörd dəfə azalıb. İl ərzində bu məqsədlərə büdcədən 215 milyon manat vəsait xərclənib - deyə Səlim Müslümov bildirib.
Nazir qeyd edib ki, 2017-ci ildə 483 min nəfərə aylıq və birdəfəlik sosial müavinət, 60 min nəfərə isə Azərbaycan Respublikası Prezidentinin təqaüdləri ödənilib: "Bu məqsədlərə sərf edilmiş 371 milyon manat 2016-cı ilin göstəricisindən 9,3 faiz çoxdur.