Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühitin Mühafizəsi Departamentinin əməkdaşları dekabrın 16-dan 29-dək ölkə ərazisində ekoloji qanunvericiliyin tələblərinə riayət olunmasını yoxlamaq məqsədi ilə araşdırma aparıb.
Bu barədə unikal.org-a nazirliyin mətbuat xidmətindən məlumat verilib.
Araşdırma zamanı hüquqi və fiziki şəxslər tərəfindən atmosfer havasının, su və torpaq ehtiyatlarının, yerin təkinin, fauna və floranın mühafizəsi, o cümlədən ətraf mühitə qanunsuz məişət və istehsalat tullantılarının yerləşdirilməsi sahəsində yol verilmiş qanun pozuntularına görə 185 akt və protokol tərtib olunub, nöqsanların aradan qaldırılması üçün icrası məcburi olan 18 müddətli "məcburi göstəriş verilib.
Ümumilikdə, 53 iş üzrə 39550 manat məbləğində inzibati qaydada cərimə tətbiq edilib, ətraf mühitə dəymiş ziyana görə 57 iş üzrə 27569,83 manat məbləğində iddia qaldırılıb, ətraf mühitə tullantıların atılmasına və axıdılmasına görə hüquqi və fiziki şəxslərə qarşı 200 iş üzrə 38885,64 manat məbləğində ödəmə tətbiq edilib. Tədbir görülməsi üçün hüquq-mühafizə orqanlarına 35, icra qurumlarına 52, məhkəmələrə isə 27 iş göndərilib.