Ölkədə birinci kəskin devalvasiyadan ildən artıq vaxt ötsə də, hökumət dollar kreditləri ilə bağlı problemi çözməyə çalışmır. Dəfələrlə hökumət nümayəndələri məsələ ilə əlaqədar vətəndaşlara güzəşt edilməyəcəyi barədə fikirləri müxtəlif formalarda səsləndiriblər. Hətta yeni yaradılan Maliyyə Bazarlarına Nəzarət Palatasının rəhbəri də kreditlərdə güzəşt olmayacağını vurğulayıb. Ancaq artıq Milli Məclis dollar kreditləri ilə bağlı yeni təkliflər hazırlayır.
Milli Məclisin üzvü Vahid Əhmədov təklifin nədən ibarət olacağı barədə ictimaiyyətə məlumat verilmədiyini bildirib. O, həmçinin qeyd edib ki, layihə Milli Məclisə təqdim edildikdən sonra detallar açıqlanacaq: "Hazırda dollar kreditlərinin qaytarılması ilə bağlı təkliflər hazırlayırıq".
Deputat Əli Məsimli isə bildirib ki, məsələyə sistemli yanaşmağa çalışıblar: "Dollar kreditlərinin qaytarılması ilə bağlı bütün yükü əhalinin üzərinə atmaq problemi çətinləşdirmək deməkdir. Təklif edirik ki, burada dövlət qurumları ilə bankların maraqları balanslaşdırılsın. Bir hissəsini banklar, bir hissəsini dövlət qurumları, bir hissəsini dollarla kredit götürən vətəndaşlar, bir hissəsini də Mərkəzi Bank üzərinə götürsün". Ekspertin sözlərinə görə, dolların məzənnəsinin gələcək aqibəti də dumanlıdır.
Ekspert Əkrəm Həsənov da qanun layihəsi barədə tam məlumatı olmadığını dedi: "Eşitdiklərimə əsasən, həmin layihə bundan sonra veriləcək kreditlərə aiddir. Kreditin verilməsinə məhdudiyyətlər qoyur. Yəni ümumiyyətlə əhaliyə dollarla istehlak kreditlərinin verilməsinə məhdudiyyətlər qoyur. Yəni istənilən halda bu, müsbət addımdır, amma gələcəyə aiddir, indiyə qədər verilən kreditlərə aid deyil. Biz artıq dəfələrlə şahidi olmuşuq ki, hökumət rəsmiləri nümayəndələri güzəştin olmayacağını deyiblər. Əgər hökumət deyirsə ki, belə bir güzəşt olmayacaq, deməli, bunun üçün pul yoxdur. Pul yoxdursa, parlament tərəfindən belə qanunun qəbul edilməsi gözlənilmir".
İqtisadçı-ekspert Natiq Cəfərli isə qeyd etdi ki, əslində hökumət dollar kreditlərinə çox səhv yanaşıb: "Həm hökumət, həm Mərkəzi Bank bütün problemi kredit götürən vətəndaşların və bankların üstünə atdı, özünü kənara çəkdi. Bütün kəskin devalvasiya olan ölkələrdə, məsələn, Rusiyada, Qazaxıstanda kreditlərlə bağlı müəyyən addımlar atıldı. Azərbaycanda bu olmadı, zamana buraxıldı. Buradan məlum oldu ki, çox səhv yanaşmadır. Çünki problemli kreditlərin həcmi kəskin artıb. Çox böyük sürətlə geri qaytarılmayan kreditlər artır. Bu, artıq o məqama çatıb ki, həm hökumət, həm Mərkəzi Bank da vəziyyətin ciddiliyini anlayır. Hökumət anlayır ki, belə davam etsə, bank sektorunda çox ciddi çöküş yaşanacaq. Çünki bəzi banklarda problemli kreditlərin həcmi 80 faizi keçib, böyük bir rəqəmdir. Ümumi ölkə üzrə götürdükdə, son bir il ərzində problemli kreditlərin həcmi iki dəfədən çox artıb. O biri tərəfdən, düşünürəm ki, müəyyən gecikmələr də olsa, bu, problemin həllində hökumət və Mərkəzi Bank müəyyən addımlar atmağa düşünür. Burada həmin o güzəştlərin mənbəyi, maliyyələşmə mənbəyi hələ də bilinmir. Müxtəlif fikirlər səslənir. Bir çox ekspertlər bunun Mərkəzi Bank tərəfindən həyata keçirilməsinin doğru olduğunu bildirirlər. Başqa qisim ekspertlər isə bunu üç yerə bölməyi təklif edirlər. Həm vətəndaş, bank və Mərkəzi Bank arasında bölünməsini təklid edirlər. Amma əgər maliyyələşmə mənbələri tapılmasa, bu qanun qəbul olunsa belə, kağız üzərində qalacaq. Bu sektora bir xeyri olmayacaq. Ümid edirəm ki, heç olmasa bir ildən çox gecikmə ilə də olsa, hökumət, Mərkəzi Bank və parlament bir ortaq məxrəcə gələrək müəyyən bir uğurlu qanun layihəsi qəbul edəcəklər. Bunun yolları da var. Hökumət də anlamalıdır. Banklar da anlamalıdır ki, əgər bütün yük vətəndaşın üzərində qalsa, kredit geri qayıtmayacaq, ödənilməyəcək. Onsuz da vətəndaş işini itirir, iş yerləri azalır, müəssisələr qapanır, qaytarıla bilməyəcək kreditlərin həcmi kəskin artacaq, banklar çökəcək. Banklar da batsa, bütün iqtisadiyyata çox cidid mənfi təsir göstərəcək".
Ekspert Vüqar Bayramov isə bildirdi ki, Mərkəzi Bankdan sonra Maliyyə Bazarlarına Nəzarət Palatası da dollar ilə kredit götürənlərə "bəd xəbər" verib - kompensasiya gözlənilmir: "Hal-hazırda kreditlərin məbləğinin 19,7 milyard manat olduğunu və ümumi kredit portfelində xarici valyutaların payını nəzərə alsaq söhbət ikinci devalvasiyadan sonra yaranan 3,5 milyard manatlıq fərqdən gedir. Həm Mərkəzi Bank, həm Palata bu fərqin banklar ilə vətəndaşlar tərəfindən qarşılacağını güman edir. Banklar heç bir güzəştə getmək istəmir və praktik olaraq getmirlər. Müştərilərin heç də hamısı isə belə böyük fərqi qarşılamaq imkanlarına malik deyil. Nəzərə almaq lazımdır ki, 2015-ci ilin il əvvəlində10 min dollar kredit götürən şəxsə bank 7800 manat veribsə indi əsas məbləğ faizlər hesablanmadan 15 min manat olub. 10 min dollarlıq kredit üzrə yalnız əsas məbləğdə 7200 manat fərq var. Deməli, il yarım öncə 7800 manat kredit götürən şəxs faizlər ilə birlikdə banka 20 min manatdan çox pul ödəməlidir. Dövlətin dəstəyi olmadan bu kreditlərin qaytarılacağı inandırıcı görünmür",- deyə o, qeyd elədi.
Onun da qeyd edək ki, Maliyyə Bazarlarına Nəzarət Palatasının xarici valyutada istehlak kreditlərinin verilməsinin dayandırılmasına dair əlavə məlumat yayıb. Palatadan verilən məlumata görə, qurumun Direktorlar Şurasının iclasının qərarı ilə 5 aprel 2016-cı il tarixdən etibarən Azərbaycanda fəaliyyət göstərən bütün kredit təşkilatları tərəfindən xarici valyutada istehlak kreditlərinin verilməsi bir ay müddətinə dayandırılıb. Bundan başqa, Palatanın məlumatına görə, bu qadağanın qüvvədə olduğu müddətdə dollar kreditlərinin şərtləri də dəyişdirilə bilməz: "Bu növ kreditlərin restrukturizasiya edilməsi, yəni müqavilə şərtlərinin dəyişdirilməsi və ya yeni öhdəlik kimi rəsmiləşdirilməsi qadağanın əhatə dairəsindədir".