Yanvarın 12-də saat 12.38-də FHN-nin "112 Xidmətinə zəng edən naməlum şəxs ingilis dilində onlarda bomba olduğunu və terror hadisəsi olacağını bildirib.
Bu barədə Unikal.org-a Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən məlumat verib.
Bildirilib ki, FHN-ə daxil olan məlumat DİN-in "102 Xidmətinə ötürülüb.
Dərhal əlaqədar orqanların əməkdaşları ilə birlikdə təxirəsalınmaz tədbirlər həyata keçirilib və məlumatın yalan olduğu müəyyən edilib.
Bakı Şəhər Baş Polis İdarəsi, Xətai və Abşeron Rayon Polis idarələri əməkdaşlarının peşəkarlıqla həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində terrorçuluq barədə bilə-bilə yalan məlumat verən paytaxt sakinləri olan 2 nəfər "isti izlərlə müəyyən edilərək saxlanılıblar.
Araşdırma aparılır.
DİN vətəndaşların nəzərinə çatdırır ki, insanlar arasında təşvişə və ajiotaja səbəb olan belə əməllər cinayət məsuliyyəti yaradır və hüquq-mühafizə orqanlarına bilərəkdən yalan məlumatlar verən şəxslər barəsində qanunvericilikdə nəzərdə tutulmuş qaydada ciddi tədbirlər görüləcək.