2017-ci il iyunun 14-də Dövlət Neft Şirkətinin (SOCAR) müraciəti əsasında "Aİ-92 markalı avtomobil benzininin pərakəndə satış qiyməti 1 litr üçün 90 qəpik səviyyəsində təsdiq edilib.
Unikal.org xəbər verir ki, bundan sonra dizel yanacağının bahalaşacağı anonsları verilsə də, hökumət bu bahalaşmaya getmədi.
Dünya birjalarında neft qiymətlərinin 72 dolları keçdiyi bir vaxtda Azərbaycanda dizel yanacağının bahalaşacağı xəbərləri dolaşmaqdadır. Buna səbəb kimi həm də Neftayırma zavodunda dizel istehsalının azalması göstərilir. Digər tərəfdən, dizel yanacağı ilə benzin arasında yaranmış kəskin qiymət fərqi bahalaşmanı sürətləndirən əsas amillərdən hesab olunur.
Dünya ölkələrində dizel yanacağının orta qiyməti 1 litr üçün 1.02 ABŞ dolları təşkil edir. Ümumilikdə qiymət, ölkələrə görə dəyişir. Bir qayda olaraq, zəngin ölkələrdə bu yanacaq növü baha, nisbətən kasıb ölkələrdə ucuz təklif edilir. İqtisadi cəhətdən yüksək inkişaf etmiş, dizel yanacağının qiyməti aşağı olan yeganə ölkə ABŞ-dır. Müxtəlif ölkələrdə dizel yanacağının qiymətindəki fərq, vergilər və subsidiyalarla bağlıdır. Hazırda Azərbaycanda dizel yanacağının 1 litri 0.60 qəpikdir. Dünya üzrə dizel yanacağının 1 litri üçün ən yüksək qiymət İslandiyadadır - 1.93 dollar. Qonşu İranda dizel yanacağının 1 litri 0.09 dollar, Səudiyyə Ərəbistanında 0.13 dollar, Türkmənistanda 0.26 dollar, Rusiyada 0.69 dollar, Türkiyədə 1.37 dollar, Almaniyada 1.38 dollar, Fransada 1.69 dollar, İtaliyada 1.72 dollar təşkil edir. Statistikadan da göründüyü kimi, ölkəmiz dizel yanacağının qiyməti aşağı olan ölkələr sırasındadır.
İqtisadçı Natiq Cəfərli Modern.az-a bildirib ki, Azərbaycanda dizel yanacağının istehsalının kəskin azaldığını deyib:
"Benzinin qiymətinin bahalaşmasından sonra dizelin qiyməti arasında kifayət qədər böyük - 30 qəpiklik fərq yaranıb. Dünyanın bir çox ölkələrində dizelin qiyməti Azərbaycandakından bahadır. Buna səbəb dizelin ekologiyaya ciddi ziyan vurmasıdır. Xüsusilə Avropa ölkələrinin bir çoxunda bu cür siyasət həyata keçirilir. Hazırda Azərbaycanda dizelin istehsalı kəskin azalıb. "Aİ 92 markalı benzin daha baha olduğundan Neftayırma zavodu bütün gücü benzin istehsalına yönəldib. 2017-ci ildə dizelin istehsalı 2016-cı illə müqayisədə 20 faiz azalıb. Bu tendensiyanın qarşısının alınması, zavodda dizel istehsalının rentabelliyinin artırılması üçün Tarif Şurası növbəti həftələrdə, yaxud aylarda dizelin bahalaşması ilə bağlı qərar qəbul edə bilər. Dizel yanacağının 0.80 qəpiyə qədər bahalaşacağı istisna olunmur.
N.Cəfərli bildirib ki, neft qiymətlərinin yüksəldiyi bir məqamda dizelin bahalaşma ehtimalı çox yüksəkdir:
"Neftayırma zavodunda rekonsturksiya işlərinə start verilib. Həmin işlərin görülməsinə kifayət qədər böyük məbləğ lazım olacaq. Zavodun gəlirlərinin artırılması yollarından biri istehsal etdiyi məhsulların qiymətinin bahalaşdırılmasıdır. Ki, yaxın vaxtlarda buna gediləcəyi istisna edilmir. Bir çox neft ölkələri var ki, öz daxili istehsalları üçün qiymətləri nisbətən ucuz saxlayırlar. Hər şey dövlətin yürütdüyü siyasətdən asılı olacaq. Dotasiya sistemini saxlamağa və öz vətəndaşlarına daha ucuz dizel satılmasına dair qərar veriləcəksə, qiymət artmayacaq. Amma son vaxtlar görünən odur ki, hökumət bəzi sahələrdə dotasiyanın artırılmasındansa, tariflərin bahalaşdırılması siyasətini yürüdür. Qazın, elektrik enerjisinin, suyun bahalaşamasını da buna misal göstərə bilərik. Baxmayaraq ki, hər il BP tərəfindən Azərbaycana 3 milyard kubmetr qaz verilir. Bu siyasət davam edəcəksə, dizelin də qiymətinin bahalaşma ehtimalı yüksəkdir. Dizelin bahalaşamsı isə ümumilikdə nəqliyyat və ərzaq bahalaşmasına gətirib çıxara bilər.
Məsələ ilə bağlı İqtisadiyyat Nazirliyinin mətbuat xidmətinin rəhbəri Abbas Əliyev bildirib ki, dizel yanacağının qiymətinin artımı gündəmdə deyil:
"Dizel yanacağının qiymətinin bahalaşması ilə bağlı Tarif Şurasına müraciət daxil olmayıb.