Ölkədə fiziki və hüquqi şəxslərə məxsus bütün mülkiyyət formalarında olan obyektlər və mənzillər Daxili İşlər Nazirliyi Baş Mühafizə İdarəsinin əməkdaşları tərəfindən etibarlı şəkildə qorunur.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən unikal.org-a verilən məlumata görə, ötən gün paytaxtın Yasamal rayonu ərazisindəki banklardan birinə quldurluq yolu ilə basqın edərək, vətəndaşların həyatı üçün təhlükə törədən silahlı şəxsin də cinayət başında yaxalanması bu deyilənlərin əyani təsdiqidir.
Belə ki, Yasamal Rayon Mühafizə İdarəsinin əməkdaşları tərəfindən qorunan banklardan birinin Yasamal filialından Mərkəzi Mühafizə Məntəqəsinə "həyəcan siqnalı daxil olub. İdarənin əməkdaşları dərhal operativ reaksiya göstərərək hadisə yerinə çıxıb və quldurluq yolu ilə banka basqın edərək xəzinədarı bıçaqla hədələyib pul tələb edən şəxs tərksilah edilərək tutulub.
Saxlanılan şəxsdən hadisə vaxtı istifadə etdiyi bıçaq da götürülüb və o, ərazi üzrə Yasamal Rayon Polis İdarəsinin 27-ci Polis Bölməsinə təhvil verilib. Bölmədə araşdırma aparılan zaman həmin şəxsin paytaxt sakini Nazim Məmmədov olduğu müəyyən edilib.
Saxlanılan şəxsin ətrafında araşdırmalar və zəruri istintaq tədbirləri davam etdirilir.
"Hazırda Baş Mühafizə İdarəsinin qüvvə və vasitələri ilə dövlət, eləcə də özəl mülkiyyətə məxsus 15024 obyekt, o cümlədən 5446 mənzil qorunur. Mərkəzləşdirilmiş mühafizə məntəqələrinin fəaliyyətinin genişləndirilməsi istiqamətində həyata keçirilən zəruri tədbirlər nəticəsində bu sistemlə qorunan obyekt və mənzillərin sayı 11851 vahid təşkil edib. Qeyd olunan obyektlər üzrə mühafizənin etibarlığı 100 faiz təmin olunub. Odur ki, vətəndaşlar, sahibkarlar və ölkədə fəaliyyət göstərən xarici şirkətlərin nümayəndələri bilməlidirlər ki, mühafizə polisinin xidmətlərindən istifadə edən zaman, qurumun tabeliyində olan geniş maddi-texniki imkanların köməkliyi və şəxsi heyətin sıralarında olan yüksək nizam-intizamın nəticəsində, onların əmlakları cinayətkar qəsdlərdən etibarlı mühafizə edilir", - deyə, DİN-dən bildirilib.