"Mənim 78 yaşım var, elə bu dəqiqə müharibə başlayarsa hər kəsdən birinci mən gedəcəm ön cəbhəyə. Getməsəm, o zaman deyərsiniz ki, Rəşid müəllim sözündə düz adam deyil. Nə olsun ki, tank, top ata bilmərəm, ən azı bir yaralananın yarasını sarıyacam, birinə bir stəkan su verəcəm. Həkim kimi əlimdən gələn hər cür köməyi göstərəcəm".
Unikal.org bildirir ki, bunu Moderator.az - a açıqlamasında tibb elmləri namizədi Rəşid Mahmudov ölkə başçısının ön cəbhəyə səfərindən danışarkən deyib.
Rəşid Mahmudov bildirib ki, prezidentimiz ön cəbhəyə getməklə hər bir azərbaycanlının prezidenti olduğunu sübuta yetirdi:
"Mən bir ziyalı kimi prezidentimizin bu səfərini yüksək qiymətləndirirəm. Bu gün nəinki nazirlərimiz, məmurlarımız, hətta biz özümüz də prezidentimizə kömək etməliyik. İndi elə bir dövrdəyik ki, bundan sonra hər şey düzələcək, yaxşıya doğru gedəcək və siz də bunun şahidi olacaqsınız. Aprel ayının əvvəllərindən başlayaraq erməni işğalçıları yenidən cəbhə xəttində yaşayan soydaşlarımızı atəşə, topa tutmağa, evlərini, təsərrüfatlarını dağıtmağa başlayıb. Ancaq onlar kənara qaçmadılar, kənarda çadır qurub yaşadılar, ancaq kəndlərini tərk etmədilər. Prezidentimiz də çox gözəl bir iş gördü, ön cəbhəyə gedib həmin insanlarla görüşdü. Onlara, həmçinin də torpaqlarımızı qoruyan şərəfli əsgər və zabitlərimizə böyük ruh yüksəkliyi bəxş etdi. Prezidentimizin səngərdə olması, əsgərlərimizin hazırlığı ilə yaxından tanış olması məni çox sevindirdi, hətta sevincdən qəhərləndim də. Mən son baş verən hadisələrdən sonra əmin olmuşam ki, biz Qarabağı geri qaytaracağıq. Prezidentimizin rəhbərliyi ilə bu baş verəcək və o gün uzaqda deyil".
"Düzdür, hər ölkə kimi bizim də bəzi əskiklərimiz var. Ancaq onu anlamalıyıq ki, bizim düşmənlərimiz indi tətikdədir. O üzdən əskiklərimizi qabartmamalı, sakitcə həll etməliyik. Ölkəmizi Suriyaya döndərmək istəyirlər. Biz qəti şəkildə buna imkan verməməliyik, hər hansı iğtişaşa, üsyana, qarşıdurmaya yol verməməliyik. Biz ziyalılar olaraq ölkəmizdə daima əmin - amanlığı qorumalıyıq. Mən bütün ziyalılarımızı dövlətimizin, dövlətçiliyimizin arxasında durmağa çağırıram. Bu vətən, bu dövlət bizimdir, buna yiyə durmalı və hər zaman prezidentimizi dəstəkləməliyik. Bütün dünya görmüş insanlar, ağsaqqallar, ziyalılarımız prezidentimizin arxasında durduqca vəzifəsinin öhdəsindən gələ bilməyən, özündən deyən, xalqa xidmət etməyi bacarmayan bəzi məmurlarımız da özləri məcbur olub vəzifədən gedəcəklər".