Ermənistan prezidenti Serj Sarkisyanın Qarabağdakı gərginlik fonunda danışıqlar prosesindən imtina etdiyi barədə isterik bəyanatına baxmayaraq rəsmi İrəvan Azərbaycanla tezliklə – yaxın 2 həftədə danışıqlar masasına oturacaq.
Unikal.org anspress-ə istinadən xəbər verir ki, bunu Rusiya xarici işlər nazirinin sabiq müavini, "Siyasi araşdırmalar mərkəzi" Fondunun direktoru Andrey Fedorov deyib. Onun sözlərinə görə, Dağlıq Qarabağ münaqişəsi zonasında Azərbaycan və Ermənistan Silahlı Qüvvələri arasında baş verən 4 günlük müharibə vəziyyəti o qədər dəyişib ki, münaqişəyə köhnə qaydada yanaşma tamamilə alt-üst olub.
"Mövcud status-kvo var idi və bunu ciddi-cəhdlə qorumağa çalışırdılar. İndi bu situasiya dəyişib. İrəvan baş vermiş hadisələrdən sonra əvvəlki vəziyyəti saxlaya bilmir. Onlara bu münaqişədə yeni danışıqlar mövqeyi lazımdır. Lakin yeni danışıqlar mövqeyi ATƏT-in Minsk qrupunun çərçivəsində deyil, Moskvanın vasitəçiliyi ilə birbaşa Azərbaycanla danışıqlar aparmaqdan ibarətdir. Məndə olan məlumata görə, bu yeni mövqe İrəvanda indi mövcud deyil.", - Fedorov bildirib.
Siyasətçinin sözlərinə görə, diplomatiyada belə bir qayda var: Öz mövqeyin yoxdursa, danışıqlar masasından heç vaxt durma. "Bu gün İrəvanda yeni mövqenin formalaşdırılmasına bir çox məsələlər mane olur. Birincisi, bu gün Ermənistanda daxili siyasi əhval-ruhiyyə danışıqlardan çox qarşıdurmaya köklənib. Ona görə ki, Ermənistan rəhbərliyindəki, həmçinin hərbidə olanların çoxları hesab edir ki, Ermənistan öz mövqeyindən tamamilə imtina etməyib, qüvvədə saxlayır. Əslində bu qarşıdurmalı yanaşma həmişə olub. Sadəcə, özünü biruzə vermirdi, aprel hadisələrindən sonra bu yanaşma qızışır", - diplomat deyib.
Fedrorov əmindir ki, hazırda İrəvanda rəsmilər arasında çaşqınlıq yaşanır, onlar bundan sonra nə edəcəklərini bilmirlər: "Ermənistan təkbaşına hamıya qarşı olmaq vəziyyətinə düşmək istəmir. İndi İrəvanda bundan hər nə olursa olsun qaçmağa çalışırlar. Onlar hansısa daxili kompromis tapmaq istəyirlər ki, danışıqlara gedə bilsinlər."
Bu məqamda Fedorov birmənalı şəkildə vurğulayıb ki, Ermənistan danışıqlar masasına yenidən oturmağa məcbur olacaq. Onun sözlərinə görə, bu, çox tezliklə baş verəcək. "Burada söhbət maksimum iki həftədən gedir. Ermənistan prezidenti yaxın vaxtlarda danışıqlar məsələsinə görə Rusiya rəhbərliyi ilə yeni konsultasiyalara başlayacaq. Yalnız bundan sonra bəzi irəliləyişlər olacaq. Bir şey aydındır ki, bu vəziyyətdə İrəvan danışıqlar prosesindən imtina edə bilməz, çünki əks halda məğlub olacaq.", - rusiyalı diplomat qeyd edib.
Aprelin 24-də Sarkisyan bəyan etmişdi ki, Dağlıq Qarabağ münaqişəsi zonasında müharibə "istənilən an" başlaya bilər və münaqişənin nizamlanmasına dair danışıqların perspektivi çox azdır.
Ermənistan prezidenti müsahibədə ilk dəfə açıq şəkildə bildirib ki, danışıqlardan imtina edir və indiki şərtlərdə danışıqlar prosesinə qayıtmağı planlaşdırmır.