""Bank Standart"da son zamanlar bankda likvidlik, aktivlik zəifləyib"
Unikal.org-un məlumatına görə, bunu Maliyyə Bazarlarına Nəzarət Palatasının Direktorlar Şurasının sədri Rüfət Aslanlı bu gün keçirdiyi mətbuat konfransında deyib. O bildirib ki,banka palata tərəfindən müvəqqəti inzibatçılıq təyin edilib: "Məlum olub ki, son zamanlar bankda likvidlik, aktivlik zəifləyib. Bu məqsədlə də palata tərəfindən banka yoxlama təyin edilib. Bank yetərli resurslara malik deyil. Hazırda bankda mövcud olan kredit likvidlik təmin etmək üçün dövlət tərəfindən maliyyə ayrılıb. Maliyyə vəsaitləri artıq bankın hesabına köçürülüb. Bununla yanaşı likvid aktivlərin səfərbər edilməsi məhkəmənin qərarı ilə fiziki və hüquqi şəxslərin əmanətləri üzrə dayandırılıb. Bu müddət ərzində dövlət dəstəyinin həcmi müəyyənləşəcək. Bundan sonra ödənişlər bərpa olunacaq. Həm bankın özü, həm bankın müştərisi olan şəxslərin əmək ödənişləri üzrə məhdudiyyət olmayacaq. Əməkhaqqı ödənişlərinə artıq başlanılıb. Müvəqqəti inzibatçılıq həm də bütövlükdə bankın idarəetmə məsələlərinə rəhbərlik edir. Bankın verdiyi kreditlərin qaytarılması məsələsi də icra olunacaq. Bu nəzərdən bank müştərilərini öz öhdəliklrini lazimi şəkildə ödəməyə dəvət edirik. Müvəqqəti inzibatçılıq üç ay müddətinə təyin olunub. Bu zaman ərzində bankın sağlamlaşdırılması prosesi gedəcək".
Məlumat üçün bildirək ki, Mərkəzi Bankın rəsmisi Abdulla Kərim oğlu Məlik-Aslanov Unikal.org-a açıqlamasında gələn həftə Beynəlxalq Bankla "Bank Standart" birləşdiriləcəyini qeyd etmişdi.