Xəbər verdiyimiz kimi, bu gün Maliyyə Bazarlarına Nəzarət Palatası Direktorlar Şurasının verdiyi qərara əsasən "Bank Standard"a müvəqqəti inzibatçı təyin edilib.
Unikal.org "Qafqazinfo"ya istinadən xəbər verir ki, Palatanın bankda apardığı yoxlamalar nəticəsində müəyyən edilib ki, bankın aktivlərinin keyfiyyətinin pisləşməsi nəticəsində likvidlik və kapital mövqeyi zəifləyib. Kreditorlar qarşısında olan öhdəliklər yerinə yetirilə bilmir. Bu məqsədlə də banka müvəqqəti inzibatçı təyin edilib. Dövlət isə bu durumda banka dəstək olaraq 15 milyon manat vəsait ayırıb.
Qeyd edək ki, "Bank Standard" ölkənin ən iri banklarından hesab edilirdi. Hətta bankın depozit portflenin 2013- cü ildə 660 milyon olduğu barədə məlumatlar da var. Bu məqamda xatırladaq ki, bank sonuncu dəfə maliyyə hesabatını 2013- cü ildə ictimaiyyətə açıqlayıb.
Son iki devalvasiyadan sonra isə depozit portfelinin həcminin daha da artması gözlənilən idi. Bankın nizamnamə kapitalı 75 milyon manat təşkil edib.
Kifayət qədər müştərisi və nüfuzu olan bankın bu gün rastlaşdığı problem isə müştərilərin narahatlığına səbəb olub. Onların fikrincə, əgər "Bank Standard"da bu cür problemlər yaşanıbsa, demək ki, daha kiçik nizamnamə kapitalına malik olan bankların vəziyyəti daha da pisləşib. Son bir ayda isə banklara kreditlə bağlı qadağa qoyulması onların maliyyə vəziyyətinə əsaslı dərəcədə təsir göstərib.
"Qafqazinfo" "Bank Standard"ın timsalında indiki halda bank sektorunun düşdüyü vəziyyətlə bağlı iqtisadçı ekspert Rəşad Həsənovun mövqeyini öyrənib.
O bildirib ki, bankların 2016-cı ildə çox ciddi problemlə üzləşəcəkləri əvvəlcədən bəlli idi: "Bunun birinci səbəbi devalvasiyalar idi. İkinci səbəb isə, hazırda bankların kreditləşmə aparmamasıdır. Bankların kredit portfeli daralır, zərərlə işləyən bankların sayı çoxalır. Devalvasiyadan sonra yaranmış problem ondan ibarətdir ki, problemli kreditlərin həcmi həddən artıq artıb. Banklar bu devalvasiyadan zərərlə çıxıblar. Eyni zamanda banklar kreditləşmə apara bilmədiyi üçün gəlirlilik də aşağı düşüb.
Hazırda Azərbaycan üçün orta göstərici ondan ibarətdir ki, bankların gəlirlərinin təxminən 74 faizi kredit gəlirləri hesabına formalaşırdı. Daha çox gəlir mənbəyi kimi kredit portfelinin genişləndirilməsinə üstünlük verirdilər. Xüsusilə son devalvasiyadan sonra kreditləşmənin dayanması banklar üçün ağır sarsıdıcı zərbə oldu. Eyni zamanda problemli kreditlərin həcmi statistik rəqəmlərdə göstərildiyi kimi deyil. Bu faktiki olaraq üç- dörd dəfədən artıqdır. Təxminən bəzi banklarda 30, bəzilərində isə 40 faizə qədər yüksəlib. Banklar bu rəqəmləri ictimailəşdirməsələr də, faktiki olaraq vəziyyət onlar üçün çətindir".
Onun sözlərinə görə, bu baxımdan vəsaitlər geri gəlmirsə, banklar öz kreditorları qarşısında öhdəliklərini yerinə yetirmirlər. Bu zaman bankların defolta düşməsi faktları yaranır.
"Bank Standard", o cümlədən "Zamin Bank"la bağlı bir neçə gün əvvəl məlum oldu ki, likvidlik problemi yaranıb. Bu cür bankların sırası növbəti dövr üçün güclənəcək. Xüsusilə kreditlərin bərpası ilə bağlı dövlət tərəfindən hansısa qərar qəbul edilməzsə, bu situasiya dərinləşəcək.
Bu gün Maliyyə Bazarlarına Nəzarət Palatasının sədri Rüfət Aslanlı dedi ki, hökumət "Bank Standard"a dəstək verəcək. Bu müəyyən dövr üçün bankın likvidliyini qoruyub saxlamağa və problemi müəyyən qədər həll etməyə imkan verəcək".
Ekspertin sözlərinə görə, banklara dövlətin maliyyə ayırmasında qeyri-adi heç nə yoxdur: "2008- ci ildə maliyyə böhranına diqqət yetirsək görərik ki, ABŞ öz maliyyə sektorunun çökməməsi üçün özəl banklara çox ciddi dəstək proqramı ayırdı və kömək etdi. Çünki bank sektoru həssas nöqtədir. Bu sektor çökürsə, ölkə iqtisadiyatının bütün sahələrinə təsir edir. Son illər Azərbaycan iqtisadiyyatının genişlənməsinin əsas iştirakçılarından biri də bank sektoru idi. Bu dövr ərzində dövriyyəyə 20 milyard vəsait daxil olmuşdu. Bunlar isthelak qabiliyyətini gücləndirir, dövriyyədə nağd pul kütləsini artırır, istehsala təşviq edir və eyni zamanda biznesin nağd pul problemini həll etməkdə likvidliyi gücləndirir. Hazırda bank sektorunun bugünku durğunluğu ölkə iqtisadiyyatında yaşayan böhranın da daha da dərinliyə aparan məsələdir. Dünya praktikasında da var ki, bu kimi hallarda dövlətin özəl sektora müdaxilə etməsi və hansısa xilas paketləri hazırlaması normaldır.
Görünən odur ki, hökumət "Bank Standard"ı xilas etmək istəyir. İndiki halda onu demək olar ki böyük ehtimalla bankı qoruyub saxlayacaqlar".
Müştərilən narahat olmasına gəlincə isə bu barədə kifayət qədər əsasların olduğunu diqqətə çatdıran R. Həsənov qeyd edib ki, bu təkcə "Bank Standard" la bağlı deyil: "Bank sektoru ilə bağlı problemlər günü-gündən dərinləşməkdədir. Bu baxımdan bank krediti olan vətəndaşların narahat olmasında müəyyən haqlı məqamlar vardır. Amma burada sığortalanan əmanətlər, depozitlər məsələsi var. Sığortalanan əmanətlər üçün ciddi risk yoxdur. Çünki istənilən halda Əmanətlərin Sığortalanması Fondu Mərkəzi Bankdan borc almalı olsa belə, bu vəsaitləri geri qaytara bilir. Təbii ki, sığortalanmayan hissəsində narahatlığın olması təbiidir. Eyni zamanda son zamanlar əmanətlərin həcmində azalma baş verir. Əmanət müqaviləsinin vaxtı bitirsə, onun yenidən artırılması faktı yox səviyyəsindədir. İnsanlar əmanətlərini çıxardırlar. Digər tərəfdən isə xarici valyutada əmanətlərin sığortalanması həddinin aşağı salınması özü-özlüyündə prosesi sürətləndirən hal kimi müşahidə olunur. Bu baxımdan da insanlar təbii ki narahat olmalıdırlar".
İqtisadçı ekspert Samir Əliyev də mövzuya sosial şəbəkədə rəy bildirib. O da qeyd edib ki, devalvasiyanın banklara vurduğu zərərin fəsadları üzə çıxmağa başlayıb: " Hökumət də Maliyyə Bazarlarına Nəzarət Palatasının timsalında devalvasiyasının "qurbanlarından" olan "Bank Standard"ı xilas etməyə çalışır. Halbuki bundan əvvəl problemin həlli bankların üstünə atılmışdı və dəstək niyyəti müşahidə edilmirdi. İlin əvvəldə Mərkəzi Bank sektorda təmizləmə əməliyyatına başlasa da bu proses dayandırıldı. Çünki bağlanmalı banklardan biri də "Bank Standard" idi. Həmin bankın bəxti sadəcə ona görə gətirdi ki, onun depozit portfeli çox böyük idi. Maliyyə Bazarlarına Nəzarət Palatasının sədrinin dediyi kimi, depozitlərin həcminə görə ölkənin ikinci ən böyük bank idi.
Təəssüf ki, depozitin həcmi barədə məlumat verilmir. Ancaq müxtəlif məlumatlara görə, söhbət ən azı 600 milyon manatlıq portfeldən gedir. Artıq həmin dövrdə məlum idi ki, bankın kapitalının həcminin qarşısında sıfırdan kiçik olan riyazi "-" işarəsi yaranıb. Aylar idi əmanətlərin qaytarılmasında problem yaranmışdı. Bank bağlansaydı, pulu qaytarmağa nə Əmanətlərin Sığortalanması Fondunun vəsaiti çatardı, nə də bankın özünün.
Əlbəttə, biz nəticə sadəcə barədə danışırıq. Problemin belə acınacaqlı vəziyyətə gəlib çıxmasında həm bankın rəhbərliyinin məsuliyyətsiz idarəçiliyinin, həm də hökumətin büdcəni qorumaq məqsədilə atdığı addımlarının rolu var. Bankın risk menecmentini düzgün qurmaması və ardınca hökumətin banklara 2 dəfə devalvasiya "hədiyyəsi" ona gətirib çıxartdı ki, kreditlərin ödənişində problemlər yarandı və bankın kapitalı mənfiyə düşdü.
İndi sual oluna bilər. Palatanın bu addımı doğrudurmu? Bu addımı lehinə və əleyhinə kifayət qədər dəlilləri sadalamaq olar. Əleyhinə olan əsas dəlillər bununla bağlıdır ki, niyə digər banklar yox, məhz bu bank? Niyə kiminsə məsuliyyətsiz və qeyri-şəffaf idarəçiliyinin bədəlini vergiödəyiciləri ödəməlidir? Kim zəmanət verir ki, sağlamlaşdırmadan sonra oxşar vəziyyət yaranmayacaq və həmin bank yenidən hansısa oliqarxın nəzarətinə keçməyəcək?"
Onun sözlərinə görə, Palatanın addımını təqdir edən amillər də var: "Bankın sektordakı payından tutmuş əmanətçilərin əmanətlərinin taleyinə qədər olan amillər. Bütün bunlara rəğmən Palatanın addımını düzgün qiymətləndirirəm və dəstəyin digər banklara da müxtəlif hədlərdə olacağına ümid edirəm. Ancaq məni narahat edən bundan sonrakı proseslərdir. Palatanın təklif etdiyi 15 milyon manat bankın problemi üçün kifayət etməyəcək. Yarım milyard manatdan çox depozit portfeli olan, ondan da çox kredit portfelinə malik bank üçün bu vəsait müqayisə olunmayacaq qədər azdır. Hökumətin gələcək planı ya aydın deyil, ya da yoxdur. Görünən odur ki, proseslər üçüncü dövlət bankının yaranmasına və ya Beynəlxalq Bankın daha da böyüməsinə doğru gedir.
Moratorium götürüldükdən sonra (əgər uzadılmasa) dövlətin banka ayıracağı vəsait mütləq əmanətlərin ödənilməsinə gedəcək. Əmanətçilər bankı tərk edəcəklər, şirkətlər bankı tərk edəcəklər. Bir sözlə, bank getdikcə kiçiləcək.
Hər bir halda hökumət bankı tam xilas edə bilməyəcək. Çünki bankın xilası üçün xeyli vəsait tələb edir. Həmin vəsaiti hökumət ödəmək iqtidarında deyil. Yəqin ki, Beynəlxalq Bank variantı olacaq. Zərərli aktivlər "Aqrarkredit" bank olmayan kredit təşkilatına yönləndiriləcək.
İstənilən halda, bankın bundan sonrakı fəaliyyəti çətin görünür. Fikrimcə, hökumətin əsas hədəfi bankın gələcəkdə ləğv edilməsi olmalıdır. Yaxın aylarda niyyət daha aydın görünəcək. Proses isə digər banklarda davam edəcək. Amma yenə də dollarda kredit götürən müştərilərə dəstək verən olmayacaq".