Ermənistanın siyasi elitası ölkənin Dağlıq Qarabağ məsələsində mövqeyinin kəskin zəiflədiyini dərk etmir, amma nə etmək lazım gəldiyini başa düşmür. Unikal.org "Report"a istinadən məlumatına görə, bu fikri rusiyalı politoloq Andrey Yepifantsev bildirib.
Politoloq Ermənistan hökumətinin erməni deputatların qondarma "Dağlıq Qarabağ Respublikası"nın müstəqilliyini tanımaqla bağlı təklif etdiyi qanun layihəsini qəbul edəcəyinə güclü şübhə etdiyini vurğulayıb. "Güclü məlumat dalğası, bəlkə də hədə-qorxu dolu açıqlamalar, "lazım gələrsə" qondarma DQR-in formalaşmasına yardım etmək kimi fikirlər ola bilər, amma tanınmanın özü olmayacaq", - deyə A.Yepifantsev qeyd edib.
O bunu sözügedən qanun layihəsinin qəbul edilməsinin çox təhlükəli və absurd olmasıyla izah edib.
A.Yepifantsev aprel ayından bəri Ermənistanın danışıqlar masasındakı mövqeyinin kəskin pisləşdiyini qeyd edib. Onun sözlərinə görə, artıq 20 ildən çoxdur Yerevanda fəaliyyət göstərən paradiqma və separatçıların uğursuzluğu haqqında danışmaq olar.
Politoloq erməni xalqı və Ermənistan siyasi elitasının narahatlığının aydın göründüyünü, lakin onların müxtəlif davranışlar nümayiş etdirdiyini bildirib.
"Elitanın bir hissəsi ölkənin mövqeyinin kəskin zəiflədiyini anlayır, amma nə etmək lazım gəldiyini başa düşmür. Xalqın böyük hissəsi isə bunu görmür və Ermənistanın təkbaşına Dağlıq Qarabağ probleminin öhdəsindən gəlmək imkanıyla bağlı illüziyalara qapılır. Nəticədə də vəziyyətə buna uyğun yanaşmağa davam edir, təzyiq və təhdidləri şiddətləndirir. Amma onlar anlamır ki, artıq mövcud şəraitdə bu cür təhdidlərin real qüvvəsi yoxdur: onların tətbiqi Ermənistanın mövqeyini daha çox zəiflədər, həm Qərbin, həm Rusiyanın narazılığına səbəb olar, Minsk prosesinin sona çatması anlamına gələr, Bakının xeyrinə addım olar, iqtisadi əlaqələrin azalması ilə nəticələnər, təmas xəttində yeni toqquşmalara səbəb ola bilər və s. Elə qondarma DQR-in tanınması və danışıqlar prosesindən çıxıb Dağlıq Qarabağ adı ilə danışıqları davam etdirmək kimi ağılsız ideyalar da buradan irəli gəlir", - deyə analitik vurğulayıb.
Onun sözlərinə görə, belə ab-hava müəyyən dərəcədə siyasi elitaya da sərf edir: "Qeyri-müəyyənlik dövründə onlar təkcə Bakını yox, həm də Minsk qrupunu təhdid etməklə Dağlıq Qarabağ məsələsində Ermənistandan hansısa güzəşt gözləməyin mümkün olmadığını göstərməyə çalışır".
"Bu, əldə saxlayıb, istifadə edilməyən "kozır" kimi istifadə olunur. Ona görə də Ermənistan rəhbərliyi tanınma mövzusunun qaldırılmasını dəstəkləyəcək, amma tanınmanın özünün reallaşmasına imkan verməyəcək", - deyə A.Yepifantsev bildirib.