"APA-nın erməni dilində xəbər xidmətinə başlaması çox yaxşı təşəbbüsdür və bu, digərlərinə də nümunə olmalıdır".
Unikal.org xəbər verir ki, bunu APA-ya açıqlamasında Azərbaycanın Rus İcması sədrinin birinci müavini Yuri Zenin deyib.
 
O, aprel ayının əvvəlində Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində baş verənlərə münasibət bildirərək, icmanın Dağlıq Qarabağla bağlı fikrinin birmənalı olduğunu vurğulayıb: "Biz prinsipial mövqeyimizi bildirmişik. Hər zaman Azərbaycanın yanındayıq. Ölkə vətəndaşlarının bir hissəsini də biz təşkil edirik. Ruslar hər zaman azərbaycanlı qardaşlarının yanında olublar. Ötən əsrin 90-cı illərində Azərbaycan naminə öz canlarını qurban verən ruslar olub, bəziləri medalla təltif edilib. Biz, yəni, həm gənclər, həm də orta yaş insanlar torpaqlarımızı qaytarmaq üçün yenidən döyüşə hazırıq".
 
O, APA İnformasiya Agentliyinin erməni dilində xəbər xidmətinə başlamasının təqdirəlayiq hal olduğunu qeyd edib: "Çünki Azərbaycanın mövqeyi, başqa millətlərin burada necə mehriban yaşamasını düşmənlərimizin dilində təqdim etmək çox vacibdir".