Azərbaycan seçiciləri aprelin 11-də növbədənkənar prezident seçkilərində səs verəcəklər. Artıq seçkilərdə iştirak etmək üçün namizədliyini irəli sürənlər də bəllidir.

Unikal.org xəbər verir ki, modern.az  növbədənkənar seçkilərlə bağlı 1996-2006-cı illərdə əmək və əhalinin sosial müdafiəsi naziri olmuş Əli Nağıyevin də mövqeyini öyrənib. Sabiq nazir hakim Yeni Azərbaycan Partiyasının vahid namizədi prezident İlham Əliyevin seçkilərdəki iştirakı barədə danışıb.

Əli Nağıyevin sözlərinə görə, bu seçkilərdə də İlham Əliyev səs çoxluğu ilə qalib olacaq.

"Dəfələrlə demişəm ki, hələ uzun illər Azərbaycanı idarəetmə baxımından İlham Əliyevdən başqa namizəd görmürəm. Bu fikirlərimi bir neçə dəfə əsaslandırmışam. Əgər konkret suallar olarsa, yenə də oturub fikirlərimi əsaslandıra bilərəm. Əvvəla, bu şəxs siyasətdə sözünü demiş insandır. Həmçinin, xalq arasında da yüksək nüfuza malikdir. Dövlət başçısı kimi həyata keçirdiyi bütün işlər təqdirəlayiqdir. Düşünürəm ki, İlham Əliyev hələ bundan sonrakı növbəti seçkidə də prezident seçiləcək və mən İlham Əliyevdən başqasını görmürəm.

Əli Nağıyev prezident İlham Əliyevin ölkədəki iqtisadi, siyasi dayanıqlığa verdiyi töhfələrdən də söz açıb.

"Millətimizin ən ağrılı problemi Dağlıq Qarabağ münaqişəsidir. Bu məsələ ilə əlaqədar nələr mümkündürsə, İlham Əliyev onları edir. Hətta mümkün olmayanları da edir. Ona görə də heç kim İlham Əliyevdən artıq iş görməyəcək. Həmçinin, 2016-cı il aprel hadisələrinin adını çəkdiniz. Deyə bilərəm ki, Dağlıq Qarabağ məsələsi ilə əlaqədar görülən işlərdə aprel hadisləri bir epizoddur. Görülən işlər bununla ölçülməməlidir. Düşünürəm ki, İlham Əliyevin fəaliyyəti təkcə aprel hadisələri ilə qiymətləndirilməməlidir. Siyasətdən başı çıxan, bu məsələni tərəziyə düz qoyan adam oturub özü fikirləşməlidir ki, Dağlıq Qarabağ məsələsi nədir?! Niyə və necə yaranıb. Bunun həlli haradan keçir?!. Onu deyə bilərəm ki, bu məsələ ilə əlaqədar İlham Əliyev zərgər dəqiqliyi ilə bütün addımları atır. Həm şəxsi nüfuzu, həm diplomatik danışıqlarda, həm hərbi quruculuq sahəsində, həm də Azərbaycanın iqtisadiyyatını gücləndirməklə bütün nə lazımdırsa, onu edir. Heç kim bundan artıq iş görməyəcək.

Sabiq nazir Azərbaycanın hazırkı dövlət büdcəsinə də diqqət çəkib.


"Keçmiş nazir olaraq Azərbaycanın hazırkı inkişafı ilə bağlı bir neçə kəlmə söyləyə bilərəm. 2006-cı ildə əmək və əhalinin sosial müdafiəsi naziri vəzifəsindən gedəndə Azərbaycanın dövlət büdcəsi 1 milyard yarıma çatmırdı. İndi Azərbaycan 20 milyard büdcə ilə yaşayır. Daha nə istəyirlər?! Bu, çox böyük göstəricidir. Müxalifətin boykot qərarı verdiyini deyirsiz. Müxalifət konkret yol göstərməyib. Qaldı ki, korrupsiya məsələsinə, onun ancaq masştabını kiçiltmək olar. Elə bir dövlət göstərsinlər ki, orada korrupsiya yoxdur. Bu mümkün deyil. Son bir neçə ildə bəzi məmurların korrupsiya əməllərini prezidentimiz layiqli şəkildə ifşa edib.