"Dünyada haqq-ədalət olacaqsa, Xocalı soyqırımını edənlər də cəzalarını almalıdır. Bu cinayəti onlar törətdilər. Ona görə də insanlıq əleyhinə olan bu cinayətə qiymət verilməlidir.
Unikal.org xəbər verir ki, bunu prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov Xocalı soyqırımının 26- cı ildönümü ilə bağlı Türkiyənin Anadolu agentliyinə verdiyi müsahibəsində deyib.
O qeyd edib ki, Azərbaycan dövləti ermənilərin törətdiyi bu qətliamı dünyaya tanıtdırmaq üçün çalışır: "10-dan çox ölkənin parlamentində Xocalı soyqırımı ilə bağlı qərarlar verilib. Əlbəttə, bu qətliamın tanınması zaman tələb edir. Amma hesab edirik ki, dünyada ədalət və haqq olacaqsa, bu cinayəti törədənlər də cəzasını alacaq. Çünki bir gecə azərbaycanlılar azərbaycanlı və türk olduğu üçün qətl ediliblər. Burada məqsəd həmin torpaqlardan azərbaycanlıların çıxarılması və yerində arzuladıqları Böyük Ermənistan dövlətinin qurulması istəyi olub. Torpaq iddiasına görə bir xalqın mənsublarını uşaq, qadın, yaşlı bilmədən qətl etdilər.
Ə. Həsənov həmçinin Hollandiya təmsilçilər Məclisinin 1915- cı il qondarma erməni soyqırımını tanıması ilə bağlı qərarına da münasibət bildirib . Onun sözlərinə görə, parlamentlər soyqırımla bağlı qərarlar qəbul etməzdən əvvəl araşdırmalar aparmalıdır: "Tarixdə erməni soyqırımı olmayıb. Bu uydurma bir tələbdir və bu tələbi 100 ildir ki, emənilər irəli sürür. Türk xalqından təzminat almaq üçün onu etmədiyi bir şeylə təqsirləndirərək üzərinə gedirlər. Təəssüf edirik ki, dünyanın əksər dövlətləri bu məsələni araşdırmadan qərarlar qəbul edirlər. Bu qərarları biz etiraz edirik. Olmayan bir şeyə görə Türkiyəni günahlandırmaq keçirilən səsvermənin ədalətsizliyidir. Türklərin 100 il əvvəl soyqırım etdiyini deyənlər əvvəlcə arxivləri araşdırsınlar. Tarixçilər də bu məsələni araşdırsın. Onlar nə qərar verəcəksə, biz də onu qəbul edəcəyik. Ancaq bunu etmək istəmirlər, çünki belə bir soyqırım olmayıb.
Ə. Həsənov Türkiyənin Afrin bölgəsində həyata keçirdiyi "Zeytun budağı əməliyyatına da münasibət bildirib.
O qeyd edib ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan hər çıxışında bildirir ki, "Türkiyə Afrinə girərkən də, başqa hərbi əməliyyatlar həyata keçirən zaman da heç kimin torpağına göz dikməyib. Amma Türk xalqına olan basqılar, Türkiyənin bütövlüyünə yönələn təhdidlər, onun ərazi bütövlüyünü və xalqın birliyini pozmaq istəyən terroristlərə qarşı Türkiyə dövləti amansız olub və belə də davam edəcək. Biz də gücümüzün çatdığı qədər Türk dövlətinin yanında olacağıq. Biz Azərbaycan dövləti olaraq da bildirdik ki, Afrində həyata keçirilən əməliyyat Türkiyənin təhlükəsizliyi anlamında onun haqqıdır. Bu, Suriyanın torpağını ələ keçirmək , Afrini işğal etmək məqsədini daşımır. Orada Türkiyənin bütövlüyünə , təhlükəsizliyinə təhdid yaradan güclərə qarşı əməliyyat həyata keçirilir. Bu təhdidlər bitdikdən sonra Türkiyə yenə öz sərhədləri daxilində fəaliyyətini davam etdirəcək. Buna görə də Türkiyəni günahlandırmaq ədalətsizlikdir.
O vurğulayıb ki, Türkiyə və Azərbaycan dostluğu əbədidir: "Bunun təməlini öndərlərimiz qoyub. Böyük Atatürk "Azərbaycanın sevinci, Türkiyənin sevinci, kədəri isə Türkiyənin kədəridir deyib. Azərbaycanın lideri Heydər Əliyev də "Biz tək millət, iki dövlətik " deyib. Bizim taleyimiz eynidir, kədərimiz və sevincimiz də eynidir. Azərbaycan və Türkiyə birlikdə olanda daha güclüdür. Biz bu dostluğu qorumaq üçün əlimizdən gələni edəcəyik. Kim bu xalqların arasına girəcəksə, o zaman üzüləcəkdir.