Rusiya Federasiyası Dağıstan Respublikasının rəhbəri vəzifəsini müvəqqəti icra edən Vladimir Vasilyev və Həştərxan vilayətinin qubernatoru Aleksandr Jilk prezident İlham Əliyevə başsağlığı məktubu ünvanlayıb.

Unikal.org xəbər verir ki, Vladimir Vasilyevin məktubunda deyilir:

"Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Hörmətli İlham Heydər oğlu.

Bakıdakı Respublika Narkoloji Mərkəzinin binasında çoxlu sayda insanın həyatına son qoymuş yanğın barədə faciəli xəbər Dağıstanda ürəkağrısı ilə qarşılanıb. Bütün dağıstanlılar adından və şəxsən öz adımdan Azərbaycan Respublikasının rəhbərliyinə, həlak olanların ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı verir, xəsarət alanların tezliklə sağalmasını arzu edirəm. Biz Sizin kədərinizə şərikik."

Aleksandr Jilkin məktubunda bildirir: 

"Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Hörmətli İlham Heydər oğlu.

Martın 2-də Bakıda baş vermiş faciəli hadisə barədə xəbər bizi çox kədərləndirdi.

Respublika Narkoloji Mərkəzində çoxsaylı insan tələfatı ilə nəticələnmiş yanğınla əlaqədar Həştərxan vilayətinin bütün sakinləri adından və şəxsən öz adımdan dərin hüznlə başsağlığımı qəbul edin.

Sizdən xahiş edirik həlak olanların doğmalarına və yaxınlarına onların kədərinə ürəkdən şərik olduğumuzu bildirin. Sizinlə bərabər ürəkdən kədərlənirik".