Fələstin, Rumıniya, Bosniya və Herseqovinanın hökumət başçısının müavinləri Azərbaycana gələcək.
Bu barədə unikal.org-a Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, Dövlət Komitəsinin dəstəyi və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə martın 15-17-də Bakıda keçiriləcək VI Qlobal Bakı Forumunda Fələstin Baş nazirinin müavini Ziad Abu Amr, Bosniya və Herseqovina hökumət başçısının müavini Mirko Sarovic, Rumıniya Baş nazirinin müavini Ana Birchall iştirak edəcək.
Yaxın Şərq regionunda sülh və təhlükəsizlik məsələləri,Balkan regionunda mövcud geosiyasi vəziyyət, müasir dövrdə ictimai və siyasi həyatda gənclərin artan rolukimi mövzuların müzakirə olunacağı tədbirdə hər üç ölkənin hökumət nümayəndəsinin çıxışı planlaşdırılır. Fələstin Baş nazirinin müavini Ziad Abu Amr Orta Şərqdə regional təhlükəsizlik, regional sülh, Bosniya və Herseqovina hökumət başçısının müavini Mirko Sarovic kapitalizmdə iqtisadi inkişafın ətraf mühitə təsiri, Rumıniya Baş nazirinin müavini Ana Birchall isə meydana çıxan yeni güclərə dair panel müzakirələrdə çıxış edəcək.
Forumun işində Albaniya Respublikasının Prezidenti Ilir Meta, Makedoniya Prezidenti George İvanov, Moldova Prezidenti İqor Dodon, Mavriki Respublikasının Prezidenti Amina Qurab-Fakim, Bosniya və Herseqovinanın Rəyasət Heyətinin üzvü Mladen İvaniç, Türkiyə Respublikasının Baş naziri Binəli Yıldırım, xarici işlər naziri Mövlut Çavuşoğlu da daxil olmaqla 10-dan çox ölkənin prezidenti, baş naziri və xarici işlər nazirləri iştirak edəcək. Eyni zamanda, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvü olan sabiq ölkə və hökumət başçıları, tanınmış ictimai və siyasi xadimlərin də daxil olduğu 500 nəfərə yaxın qonağın iştirakı nəzərdə tutulur.