"Özünü "Milli Şura adlandıran qurum bugün Məhsul stadionunda mitinq keçirmək üçün icazə alsa da onlar ətrafına tərəfdar toplaya bilməyəcəklər. Əksinə həmin qüvvələr bir daha özlərini gülünc vəziyyətə salacaqlar".
Bunu Unikal.org-a açıqlamasında millət vəkili Məlahət İbrahimqızı deyib. Onun sözlərinə görə bugün Azərbaycanda söz azadlığı var, şəffaf seçkilər keçirilir və demokratik dəyərlərə əməl olunur.
"Buna görə də istənilən vətəndaş konstitusyon hüququndan, sərbəst toplaşmaq hüququndan istifadə edə bilər.
Azərbaycanda demokratik şərait olduğu üçün onlara mitinq keçirmək üçün Bakı Şəhər İcra Hakimiyyətindən razılıq verilib. Amma məsələ burasındadır ki, heç bir sosial bazası olmayan qrupun belə tədbirlər keçirməsi onların özlərini daha da biabır edir. Hamıya aydındır ki, həmin mitinq keçirmək istəyən qrup hər dəfə mitinq keçirdikcə özlərini daha da xalqın gözündən salırlar".
Millət vəkili qeyd edib ki, siyası ambisiyası olan qrup göbələk kimi vaxtaşırı ortaya çıxmaz:
"Bu göbələk kimi ortaya çıxan qurum Azərbaycandakı asayişə, əminamanlığa, inkişafa kölgə sala bilməz".
Məlahət İbrahimqızı vurğulayıb ki, bu gün ölkəmiz dünyanın əksər yerlərindən sabitdir, ölkəmizdə inkişaf var:
"Bunlar da hamısı cənab prezident İlham Əliyevin uğurlu siyasətinin göstəricisidir. Xalqımız cənab prezidentə inanır və onun siyasətini dəstəkləyir".
Famil Fərhadoğlu