"Azərbaycanda hər zaman sərbəst toplaşmaq azadlığı qorunub. Bu proseslər həmişə şəffaf şəkildə öz həllini tapıb. Milli Şuranın dünən keçirdiyi mitinq də onun bir nümunəsidir".
Unikal.org xəbər verir ki, bunu SİA-ya açıqlamasında Yeni Azərbaycan Partiyasının İcra katibinin müavini, millət vəkili Siyavuş Novruzov deyib.
YAP İcra katibinin müavinin sözlərinə görə, bu mitinqə də həmişəki kimi Milli Şuranın öz tərəfdarlarından ibarət olan min nəfərdən artıq adam toplaşmışdı və indiyədək deyilən sözləri təkrar etməklə məşğul idilər: "İştirakçılar da müxtəlif kateqoriyalı insanlar idilər. Orada hər cür adam - islamçı, avropaşünas və s. var idi. Təbii ki, bu da sırf əqidə ilə bağlı deyildi. Həmin mitinqdə olanlar ayrı-ayrı problemlərlə bir araya gəlmişdilər. Sözügedən mitinqdə iki istiqamətdə çıxış oldu. Korrupsiya ilə bağlı indiyədək söylədiklərini yenə dilə gətirdilər. Bunların heç biri həqiqətə söykənmir. Digər istiqamət isə son vaxtlar gündəmdə olan məsələ kimi müxtəlif adamların siyasi mübarizəyə uyğun gəlməyən sözləri, ifadələri gündəmə gətirməsi idi".