Rusiya və ABŞ rəsmi Dəməşqi və müxalifəti mülki şəxslərə və xəstəxanalara hücumları dayandırmağa çağırıb.

Unikal.org xəbər verir ki, bu, Rusiya və ABŞ-ın yaydığı birgə bəyanatda əksini tapıb.

Sənəddə Rusiya və ABŞ-ın Suriyada hərbi əməliyyatların dayandırılması sahəsində irəliləyişə nail olunduğu da qeyd edilib. Moskva və Vaşinqton Suriyada münaqişənin siyasi yolla həllinə nail olmaq üçün səylərini gücləndirəcəyini bəyan edib. Bəyanatda iki ölkənin birgə səyi nəticəsində Şimali Latakiya və Şərqi Qutada zorakılığın səviyyəsinin azaldığı qeyd edilib. Rusiya Suriya hökuməti ilə mülki əhalinin və atəşkəs razılaşmasına əməl edən qrupların olduğu rayonlara aviasiya zərbələrinin azaldılması istiqamətində çalışacağını bəyan edib. Rusiya və ABŞ BMT-ni Suriyada Nubol, Haseke, Dera və digər bölgələrə humanitar yardımları artırmağa çağırıb. ABŞ isə Suriyaya terrorçuların daxil olmasının qarşısının alınması üçün Yaxın Şərqdə müttəfiqlərinə dəstəyini artıracağını bəyan edib. Moskva və Vaşinqton İŞİD və "Əl-Nusra" terror təşkilatlarının nəzarət etdiyi bölgələrin müəyyən edilməsi və bu terror təşkilatlarına qarşı qətiyyətli addımların atılması üçün də tədbirlər görəcək.