Filippində prezident seçkiləri ilə bağlı keçirilən səsvermənin nəticələrinin hesablanmasına başlanılıb.
Unikal.org BBC-yə istinadən xəbər verir ki, prezident postuna 5 namizəd iddialıdır.  
Sorğunun nəticələrinə görə, yarışın lideri 22 il Davao şəhərinin meri olan Rodriqo  Duterte sayılır. O, seçki kampaniyası zamanı bir neçə səs-küylü bəyanat verib, məsələn, bir neçə min cinayətkarı güllələmək arzusunda olduğunu gizlətməyib.  
Onun əleyhdarlarının sözlərinə görə, keçmiş mer qalib gələrsə, son 30 ildə yaradılan demokratik institutları dağıdacaq, ölkəyə diktatura qayıdacaq.  
Filippinlilər bu gün eyni zamanda vitse-prezidenti, senatorları və yerli səviyyəli 18 min məmuru seçiblər. AFR-in məlumatına görə, seçkilər zorakılıq şəraitində keçirilib.
Mayın 7-də ölkənin cənubunda merə namizədlərdən biri öldürülüb. Mayın 9-da isə naməlum şəxslər paytaxt Manilanın yaxınlığında avtomobildən atəş açıblar. Nəticədə 7 nəfər ölüb, bir nəfər xəsarət alıb.  
Qeyd edək ki, hazırkı prezident Beniqno Akino seçkiləri sülh şəraitində keçirməyə çağırıb.