Müdafiə Nazirliyi Azərbaycanın əldə etdiyi silahların keyfiyyətsiz olması barədə yayılan fikirləri təxribat adlandırıb.
Unikal.org Nazirliyə istinadən xəbər verir ki, son günlər xarici və yerli kütləvi informasiya vasitələrində Azərbaycanın Rusiyadan əldə etdiyi silahların yararsız olması ilə bağlı müxtəlif şayiələr yayılıb.
"Rəsmi olaraq bildiririk ki, bu kimi xəbərlər həqiqətə uyğun deyil və onların yayılması təxribat xarakteri daşıyır.
Azərbaycan müəyyən istehsalçı ölkələrdən müxtəlif növ silahların alınması və əldə edilməsinə xüsusi diqqət yetirir. İşğal olunmuş ərazilərimizin azad edilməsi məqsədilə biz döyüş potensialımızın artırılması üçün lazım olan ən yaxşı, keyfiyyətli və effektiv hərbi vasitələri diqqətlə seçərək əldə edirik.
Azərbaycan Ordusunun silahlanmasına qəbul edilən Rusiya istehsalı olan yeni silahlar müasir silah sistemlərinin yüksək tələblərinə cavab verir, eləcə də qoşunlarımızın, xüsusilə müdafiənin ön xəttində döyüş tapşırığı yerinə yetirən bölmələrimizin manevr və atəş imkanlarını xeyli artırır.