Bakı şəhər Baş Polis İdarəsi (BŞBPİ) Milli Şuranın martın 31-da keçirəcəyi mitinqlə bağlı xəbərdarlıq edib.

İdarənin rəis müavini, polis general-mayoru Səhlab Bağırov Unikal.org-a açıqlamasında bildirib ki, Milli Şuranın Bakı şəhər İcra Hakimiyyəti ilə razılaşdırılmış mitinqində hər-hansı təxribata imkan verilməyəcək:

"Biz mitinqin təşkilatçılarını bu gün Bakı şəhər Baş Polis İdarəsinə dəvət etmişik. Onlara xəbərdarlıq ediləcək. Mitinqdə aksiyanın keçirilməsi üçün Bakı şəhər İcra Hakimiyyətinə ünvanlanan müraciətdə qeyd olunan şüarlardan fərqli şüarların səslənməsinə, həmçinin iğtişaşa və qarşıdurmaya səbəb ola biləcək şüarların səsləndirilməsinə və ya hər hansı addımın atılmasına imkan verilməyəcək. Əks təqdirdə, mitinqin təşkilatçıları və günahkarlar qanun çərçivəsində cəzalandırılacaqlar".

Səhlab Bağırov əlavə edib ki, Məhsul Stadionunun ətrafında polis postları qurulacaq, əraziyə avtomobillərin girişinə qadağa qoyulacaq. Təhlükəsizlik məqsədi ilə stadiona keçən vətəndaşların üzəri yoxlanılacaq:

"İçəri yad əşya keçirilməsinə imkan verilməyəcək. Stadiona daxil olan vətəndaşlardan polis şəxsiyyət vəsiqəsi tələb etməyəcək. Əgər kiminsə yaşının 18-dən az olması ilə bağlı şübhə yaranarsa, həmin şəxslərdən sənəd tələb olunacaq.

BŞBPİ-nin rəis müavini qeyd edib ki, azyaşlılar stadiona, mitinq keçirilən əraziyə buraxılması məqsədəuyğun hesab edilmir".

Famil Fərhadoğlu