11 apreldə Azərbaycanda keçiriləcək prezident seçkiləri ilə bağlı təbliğat-təşviqat kampaniyası çərçivəsində Sumqayıt şəhərində seçicilərlə görüşlər davam edir.
Unikal.org xəbər verir ki, Yeni Azərbaycan Partiyasının namizədi İlham Əliyevin təbliğat-təşviqat kampaniyası çərçivəsində keçirilən görüşlərdə çıxış edən Milli Məclisin deputatı Tahir Mirkişili bildirib ki, Prezident İlham Əliyevin ölkəyə rəhbərlik etdiyi 2003-cü ildən bu vaxtadək olan müddət Azərbaycan tarixinə hərtərəfli və sürətli inkişaf dövrü kimi daxil olub.
Natiq sosial-siyasi sabitliyin qorunmasının, mövcud iqtisadi inkişafın, tərəqqinin təməlində Ümummilli liderin inkişaf strategiyasının dayandığını deyib. Onun sözlərinə görə, bu siyasi kursun Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi bugünkü nailiyyətlərimizin əsasını təşkil edir.
Tədbirlərdə sumqayıtlıların hər zaman olduğu kimi bu dəfə də seçkilərdə yüksək fəallıqla iştirak edəcəklərinə və İlham Əliyevə səs verəcəklərinə inam ifadə edilib.
Digər çıxış edənlər Milli Məclisin üzvü Muxtar Babayev, YAP Sumqayıt şəhər təşkilatının seçki qərargahının üzvləri Elxan Hüseynov, Şakir Abışov, Sultan Əsədov, Qüdrət Kərimov və başqaları hər bir Sumqayıt sakininin ölkə Prezidentinin siyasi kursunu dəstəklədiyini dilə gətiriblər.
Vurğulanıb ki, sumqaytlı seçicilərin aprelin 11-də seçimi İlham Əliyev olacaq.