Heydər Əliyev Fondu Rusiya Federasiyasının Kemerovo şəhərinin ticarət mərkəzində baş vermiş yanğın zamanı həlak olanların ailələrinə və xəsarət alanlara yardım göndərib.
Unikal.org xəbər verir ki, Fonddan Trend-ə verilən məlumata görə, yardım Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın tapşırığı ilə Kemerovaya çatdırılıb.
Əsrlər boyu Azərbaycan ilə Rusiyanı dostluq və mehriban qonşuluq münasibətləri bağlayıb. Hər iki xalq həmişə ağır günlərdə bir-birini dəstəkləyib.
Heydər Əliyev Fondu Kemerovodakı faciənin acısını paylaşmaq, həlak olanların ailələrinin kədərini bölüşmək və zərərçəkənlərə dəstək məqsədilə yardım təşəbbüsü ilə çıxış edib. Azərbaycan hökuməti Fondun bu təşəbbüsünü dəstəkləyib.
Martın 30-da yardım xüsusi təyyarə ilə Kemerovaya göndərilərək zərərçəkənlərə və həlak olanların ailələrinə çatdırılıb.
Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva və bütün Azərbaycan xalqı adından faciə qurbanlarının ailələrinə dərin hüznlə başsağlığı ifadə edilib və xalqımızın zərərçəkənlərin yanında olduğu bildirilib.
Fondun əməkdaşları faciə qurbanlarının xatirəsinə ehtiram olaraq memorial əraziyə gələrək gül dəstələri qoyublar.
Yardımın ailələrə çatdırılması bu gün də davam edəcək.
Xatırladaq ki, martın 25-də Kemerovo şəhərindəki "Zimnyaya vişnya" ticarət mərkəzində baş verən yanğın nəticəsində 60-dan çox insan həlak olub. Ölənlərin əksəriyyəti uşaqlardır.