Martın 31-də Quba Soyqırımı Memorial Kompleksinin zalında 1918-ci il azərbaycanlıların soyqırımının 100-cü ildönümünə həsr edilmiş respublika elmi konfransı işə başlayıb.

Unikal.org azərtac-a istinadən xəbər verir ki, "Soyqırımlarının dərsləri mövzusunda keçirilən konfrans "Quba soyqırımı filminin nümayişi ilə başlayıb.

Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, akademik İsa Həbibbəyli çıxış edərək son iki yüz ildə Azərbaycan xalqının başına gətirilən müsibətlərdən danışıb. Akademik respublika elmi konfransının dövlətimizin başçısının "1918-ci il azərbaycanlıların soyqırımının 100 illiyi haqqında 2018-ci il 18 yanvar tarixli Sərəncamına əsasən təşkil olunduğunu diqqətə çatdırıb. Qeyd edib ki, azərbaycanlıların kütləvi qırğını, repressiyalara məruz qalması, doğma yurdlarından sürgün edilməsi və didərgin salınması XX əsr tarixinin ən faciəli və dəhşətli ağrılarındandır. 1918-ci ilin mart-aprel aylarında daşnak-bolşevik birləşmələrinin Azərbaycanın müxtəlif bölgələrində törətdikləri amansız qətliamların əsas məqsədi azərbaycanlıları milli etnos kimi yer üzündən silmək, onların tarixi torpaqlarına yiyələnmək olub.

Sonra Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov çıxış edib.

Azərbaycanlıların soyqırımının 100 illiyi və Quba Soyqırımı Memorial Kompleksi ilə bağlı görülən işlər barədə məlumat verən Əli Həsənov deyib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bu il yanvarın 18-də "1918-ci il azərbaycanlıların soyqırımının 100 illiyi haqqında Sərəncam imzalayıb. Sərəncama əsasən, Prezident Administrasiyasının rəhbəri tərəfindən "1918-ci il azərbaycanlıların soyqırımının 100-cü ildönümünə dair Tədbirlər Planı təsdiq edilib. Tədbirlər Planında azərbaycanlıların soyqırımının 100 illiyi ilə əlaqədar ölkədə və xaricdə konfrans, seminar, "dəyirmi masa, mühazirə, müsabiqə, sərgi, sənədli filmlərin nümayişi, fləşmob və digər tədbirlərin təşkil edilməsi, bəyanatların qəbulu, kütləvi informasiya vasitələrində məqalə və digər materialların yerləşdirilməsi, sosial şəbəkələr vasitəsilə təbliğatın aparılması və s. nəzərdə tutulub. Bu gün Quba soyqırımı qurbanlarının xatirəsini anma mərasimi və öz işinə başlayan respublika elmi konfransı da qeyd edilən Tədbirlər Planına uyğun olaraq keçirilir.

Eyni zamanda, xatırlatmaq istəyirəm ki, 2007-ci ildə Quba şəhərində aşkar olunmuş məzarlığın qorunub saxlanması məsələsi həmişə Azərbaycan Prezidentinin diqqət mərkəzində olub. Dövlətimizin başçısının tapşırığı ilə Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev 2017-ci il iyunun 5-də "Quba şəhərində Soyqırımı Memorial Kompleksi ilə bağlı bəzi məsələlər haqqında Sərəncam imzalayıb. Sərəncama əsasən Kompleksdə mövcud vəziyyətin araşdırılması və baş verən aşınma proseslərinin qarşısının alınması məqsədilə komissiya yaradılıb. Onun tərkibinə aidiyyəti dövlət orqanlarının və ictimaiyyətin nümayəndələri daxil edilib. Komissiyanın qarşısına Kompleksdə yaranmış vəziyyətin ətraflı öyrənilməsi və məzarlığın durumuna təhlükə törədə biləcək proseslərin qarşısının alınması ilə bağlı təkliflər təqdim etmək vəzifəsi qoyulub. Bu tapşırığa uyğun olaraq, 2017-ci il iyunun 9-da Komissiya tam tərkibdə Quba şəhərinə gəlib, məzarlığa baxış keçirib, burada yaradılmış muzeyin iş şəraiti ilə tanış olub. Komissiya belə bir qənaətə gəlib ki, insan qalıqlarının çürüməsinin sürətlənməsi və torpağın sürüşmə hallarının aktivləşməsi məzarlığın olduğu şəkildə qorunub saxlanmasını çətinləşdirir. Ona görə də həmin ərazidəki insan sümüklərinin dini adət-ənənələrə uyğun dəfn olunması, qəbirüstü xatirə lövhəsinin qoyulması, gələcəkdə zəruri hallarda tarixi araşdırma məqsədilə qazıntı işləri üçün şəraitin yaradılması məqsədəuyğun hesab olunub və bu barədə ölkə rəhbərliyinə məruzə edilib. Artıq Komissiyanın təklifləri nəzərə alınaraq, soyqırımı qurbanlarının qalıqları dəfn edilib və məzarüstü xatirə lövhəsi qoyulub.

Əslində, azərbaycanlıların 1918-ci il soyqırımının Azərbaycan Xalq Cümhuriyyətinin qurulması yolunda xalqımızın üzləşdiyi ən ağır sınaq olduğunu vurğulayan Prezidentin köməkçisi deyib ki, amansız qırğına və ağır itkilərə baxmayaraq, xalqımız bu sınaqdan keçərək öz taleyinə və torpaqlarına sahib çıxdı, Şərqdə ilk müstəqil respublika yaratdı. İki aydan sonra Xalq Cümhuriyyətinin yaradılmasının 100 ili tamam olur. Bu yubileyin respublikada dövlət səviyyəsində geniş qeyd edilməsi üçün Azərbaycan Prezidenti 2017-ci il mayın 16-da xüsusi Sərəncam imzalayıb. Bu Sərəncam tariximizin həmin şərəfli dövrünü daha dərindən öyrənmək üçün yeni imkanlar açır. Qeyd etməliyəm ki, 1918-ci ilin mart-aprel aylarında və sonrakı dövrdə erməni-bolşevik silahlı dəstələrinin cinayətləri barədə əlimizdə olan ən sanballı mənbə Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin yaratdığı Fövqəladə İstintaq Komissiyasının topladığı materiallardır. Təəssüf ki, Xalq Cümhuriyyətinin süqutu Fövqəladə İstintaq Komissiyasının üzə çıxardığı faktların dünya ictimaiyyətinə çatdırılmasına, hadisələrə hüquqi-siyasi qiymətin verilməsinə mane oldu. Lakin bu, Azərbaycan Xalq Cümhuriyyətinin, eləcə də Fövqəladə İstintaq Komissiyasının gördüyü işin əhəmiyyətini heç də azaltmır.

Tarixin müxtəlif dövrlərində xalqımız erməni millətçiləri tərəfindən soyqırımı cinayətlərinə, kütləvi qırğınlara, deportasiyalara, etnik təmizləmələrə və terrora məruz qalsa da, həmin hadisələrə heç bir siyasi-hüquqi qiymət verilməsi mümkün olmayıb. Ona görə ki, hər dəfə ermənilər məkrli niyyətlərini öz havadarlarına, başqa sözlə, mərkəzi hakimiyyətə, real güc sahiblərinə arxalanaraq və onların iştirakı ilə həyata keçirirdilər. Bu, 1905-1907-ci, 1918-1920-ci, 1948-1953-cü illərdə və sonrakı dövrdə də məhz belə olub. Elə bu səbəbdən də soyqırımı faktları gizlədilir və ya təhrif olunmuş şəkildə təqdim edilir, elmi tədqiqat işləri sərt inzibati-ideoloji nəzarət altında aparılırdı. Keçmişin acı səhifələrinin növbəti nəsillərin yaddaşında hifz edilməsinə, xalqın öz tarixindən ibrət dərsi götürməsinə imkan verilmirdi. Nəticədə ötən əsrin 80-ci illərinin sonu 90-cı illərinin əvvəllərində erməni ekspansionist şovinizmi bir daha baş qaldırdı, Azərbaycan xalqı yenidən çətin sınaqlara, deportasiyaya, etnik təmizləməyə, işğala düçar oldu və Xocalı soyqırımı kimi dəhşətli faciə yaşadı.

Çıxışına davam edən Əli Həsənov deyib: "Yalnız müstəqillik illərində keçmişimizin gerçək mənzərəsini yaratmaq və xalqımıza qarşı dəfələrlə törədilmiş soyqırımı cinayətlərinə siyasi-hüquqi qiymət vermək imkanı qazandıq. Bu baxımdan ümummilli lider Heydər Əliyevin 1998-ci il martın 26-da imzaladığı "Azərbaycanlıların soyqırımı haqqında Fərman mühüm tarixi əhəmiyyət kəsb edir. Həmin sənəddə XIX əsrin əvvəllərindən müasir dövrümüzə qədər Azərbaycan torpaqlarının zəbti, kütləvi qırğınlar, deportasiya və etnik təmizləmələrlə müşayiət olunan faciələr "ermənilərin azərbaycanlılara qarşı düşünülmüş, planlı surətdə həyata keçirdiyi soyqırımı siyasətinin ayrı-ayrı mərhələləri kimi qiymətləndirilib və 31 mart - Azərbaycanlıların Soyqırımı Günü elan edilib.

Ulu Öndərin təşəbbüsü ilə Xocalı soyqırımına da siyasi-hüquqi qiymət verilib, fevralın 26-sı Xocalı Soyqırımı Günü elan edilib. 2008-ci ildən Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın təşəbbüsü ilə başlanmış "Xocalıya ədalət! beynəlxalq kampaniyası çərçivəsində aparılan işlər sayəsində faciə ilə bağlı faktlar geniş beynəlxalq ictimaiyyətə çatdırılıb, planetin bütün guşələrində milyonlarla insan məlumatlandırılıb. Artıq dünyanın 16 ölkəsi, ABŞ-ın 20-dən çox ştatı hökumət və ya parlament səviyyəsində, habelə İslam Əməkdaşlıq Təşkilatı Xocalı soyqırımını rəsmən tanıyıb.

Erməni millətçiləri soyqırımları törətməklə Azərbaycan xalqını sarsıtmaq, torpaqlarımızı zorla ələ keçirmək məqsədi güdsələr də, ağır faciələr xalqımızı daha da mətinləşdirib, qəhrəman oğul və qızlarımızı müqəddəs Vətən və milli dövlətçiliyimiz naminə qətiyyətli və mütəşəkkil mübarizəyə səfərbər edib. Ötən ilin aprelində Ordumuzun Ermənistan qoşunlarının hərbi təxribatlarına verdiyi layiqli cavab, işğal altında olan torpaqlarımızın bir hissəsinin azad edilməsi Azərbaycanın nəyə qadir olduğunu əyani şəkildə nümayiş etdirdi.

Azərbaycan Respublikasının 1996-cı ilin mayında "Genosid cinayətinin qarşısının alınması və onun cəzalandırılması haqqında Konvensiyaya qoşulduğunu xatırladan Prezidentin köməkçisi bildirib ki, bu Konvensiya Birləşmiş Millətlər Təşkilatının Baş Məclisi tərəfindən 1948-ci il dekabrın 9-da qəbul olunub. Lakin həmin sənədin qəbulundan 70 il keçməsinə baxmayaraq, hələ də dünyanın bir çox yerlərində soyqırımı cinayətləri baş verir. Bunun başlıca səbəbi dünyada hökm sürən ikili standartlar, beynəlxalq birliyin, xüsusilə də aparıcı dövlətlərin soyqırımı cinayətlərinə vaxtında adekvat münasibət bildirməməsidir. Ona görə də dünyanın mütərəqqi qüvvələri, ictimai, siyasi, elm və mədəniyyət xadimləri soyqırımı cinayətlərinə yol açan etnik, irqi və dini dözümsüzlüyə, düşmənçilik yaradan bütün hallara qarşı qətiyyətlə mübarizə aparmalıdırlar. Digər tərəfdən, Azərbaycanda olduğu kimi, hər bir ölkədə etnik, mədəni və konfessional rəngarəngliyin milli sərvət, bəşəri dəyər kimi qəbul edilməsi, multikulturalizmin və tolerantlığın cəmiyyətin həyat tərzinə çevrilməsinə nail olunması lazımdır.

Elmi konfransın əhəmiyyətinə toxunan Əli Həsənov deyib: "Bugünkü respublika elmi konfransı erməni millətçilərinin insanlığa qarşı əməllərini ifşa etməklə yanaşı, bir daha belə halların baş verməməsi, insanların sülh və əmin-amanlıq şəraitində təhlükəsiz yaşayışının təmin olunması istiqamətində Azərbaycan dövlətinin həyata keçirdiyi məqsədyönlü fəaliyyətə ölkəmizin elmi ictimaiyyətinin bir töhfəsidir.

Konfrans işini çıxışlarla davam etdirir.