Aprelin 3-də Nizami Kino Mərkəzində IDEA İctimai Birliyinin xüsusi layihəsi olan "Azərbaycanın 9 möcüzəsi silsiləsindən "Abşeron Milli Parkı sənədli filminin təqdimat mərasimi keçirilib.
Unikal.org xəbər verir ki, Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva tədbirdə iştirak edib.
Filmin təqdimatından əvvəl Leyla Əliyeva "Abşeron Milli Parkı filminin rejissoru İqor Bışnyovun çəkilişlər zamanı lentə aldığı fotolardan ibarət sərgi ilə tanış olub. Sərgidəki stendlər "Azərbaycanın zirvələri, "Azərbaycanın faunası, "Yırtıcı quşlar, "Su dünyası, "Azərbaycanın florası, "Azərbaycanın Qırmızı Kitabı, "Köçəri quşlar, "Çəkiliş zamanı bölmələrini əhatə edir.
Filmin təqdimat mərasimi IDEA Heyvanlara Qayğı Mərkəzi haqqında videoçarxla başlayıb.
Tədbirdə çıxış edən rejissor İqor Bışnyov Heyvanlara Qayğı Mərkəzinin əhəmiyyətindən danışdı, burada hər cür şəraitin yaradıldığını vurğuladı və IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevaya təşəkkür edib. "Bu və ya digər bu cür 10-20 mərkəz belə daha geniş ərazidə yayılan sahibsiz heyvanlar problemini tam həll edə bilməyəcək. Lakin əsas odur ki, bu Mərkəzin təşkili bizə ətraf mühiti qorumağın vacibliyini xatırladır, - deyən rejissor bizim özümüzün də təbiətin bir hissəsi olduğumuzu bildirib.
Beş il əvvəl Azərbaycana Novruz bayramı ərəfəsində gəldiklərini söyləyən İqor Bışnyov görülən işlər barədə də məlumat verib. Qeyd edib ki, 5 il ərzində 5 film çəkilib. 2014-cü ildə Şirvan Milli Parkı, 2015-ci ildə Ağgöl Milli Parkı, Göygöl Milli Parkı haqqında filmlər nümayiş etdirilib. Bir il əvvəl "Azərbaycan. Ceyranların xilası filmi göstərilib. Filmlərdən dördünün milli parklar haqqında olduğunu söyləyən İqor Bışnyov bu il daha bir milli park - Şahdağ Milli Parkı haqqında filmin nümayişinin planlaşdırıldığını qeyd edib. Bununla yanaşı, sosial şəbəkələrdə də paylaşılan videoçarxların çəkildiyini diqqətə çatdıran İqor Bışnyov süjetlərə 5 milyondan çox baxış olduğunu söyləyib. Vurğulayıb ki, dünyanın hər yerində Azərbaycanın canlı təbiətinə dair videolar maraqla izlənilir və bu, olduqca böyük əhəmiyyətə malikdir. Filmlər ölkə daxilində və xaricində müxtəlif telekanallarda göstərilib, mükafatlara layiq görülüb. İqor Bışnyov 5 ildir davam edən əməkdaşlığa görə Leyla Əliyevaya təşəkkürünü bildirib və bu əməkdaşlığın davam edəcəyinə əminliyini bildirib. O, bu filmlərin canlılar aləminin ciddi problemlərinin həllinə öz töhfəsini verəcəyinə ümidvar olduğunu deyib.
Sonra "Abşeron Milli Parkı sənədli filmi nümayiş etdirilib. Film Azərbaycanda ən gənc milli park haqqındadır. 2005-ci ildə yaradılmış bu park Bakının, təxminən, 60 kilometrliyində yerləşir. Ərazisi böyük olmasa da, parkın özünəməxsus xüsusiyyətləri var. Belə ki, buranın zəngin canlı aləmi bir yarımadada cəmləşir. Habelə ərazinin paytaxta yaxın olması buraya gediş-gəlişi asanlaşdırır. Parkın digər xüsusiyyəti isə Xəzər dənizinə yaxın olmasıdır.
"Azərbaycanın 9 möcüzəsi layihəsinin təşəbbüskarı Leyla Əliyevadır. Layihə çərçivəsində ölkəmizin 9 milli parkı barədə sənədli filmin hazırlanması nəzərdə tutulur. Növbəti filmlərdə Şahdağ, Hirkan, Altıağac, Zəngəzur və Samur-Yalama milli parklarından söhbət açılacaq.
IDEA-nın "Azərbaycanın 9 möcüzəsi layihəsinin məqsədi ölkəmizin əsrarəngiz təbiət gözəlliklərini təbliğ etmək, eləcə də ətraf mühitin mühafizəsinin vacibliyini diqqətə çatdırmaqdır.