Xəbər verdiyimiz kimi, aprelin 9-da səhiyyə naziri Oqtay Şirəliyevin işarəsi ilə jurnalist Famil Fərhadoğlunun (İbrahimov) döyülməsi ilə bağlı istintaq işi Yasamal rayon 28-ci polis bölməsindən alınaraq Bakı şəhər Baş Polis İdarəsinə (BŞBPİ) verilib.
Artıq jurnalistə qarşı cinayət hadisəsini törədən şəxslərin də kimliyi müəyyənləşib. Onlar Namiq Əliyev və Riad Paşayevdir.
Unikal.org-un apardığı araşdırmaya görə, jurnalist Famil Fərhadoğluna sillə vuran və yumruq ataraq ona hücum edən Riad Ceyhun oğlu Paşayev "Azərtürkbankın Bakı şəhəri, Nəsimi rayonu, 28 May küçəsi, ev 64/75 ünvanında yerləşən Bakı filialının müdiri vəzifəsində çalışır. Yəqin ki, "Azərtürkbankın rəhbərliyi məsələ ilə bağlı məlumatlanandan sonra jurnalistə qarşı zorakılıq edərək qanunları kobud şəkildə pozan filial müdiri Riad Paşayevlə bağlı ciddi ölçü götürəcək. Çünki filial müdirinin bu hərəkəti "Azərtürkbankın imicinə və işgüzar nüfuzuna xələl gətirir.
Qeyd edək ki, jurnalisti döyən Riad Paşayevin anası Validə Paşayeva bizimyol.info saytına verdiyi müsahibəsində oğlu və səhiyyə naziri Oqtay Şirəliyevə yaxın olan Namiq adlı şəxs tərəfindən jurnalisti döymələrini təsdiq etmişdi. Bir daha xatırladaq ki, V.Paşayeva da Səhiyyə Nazirliyinin əməkdaşıdır.
Unikal.org-a daxil olan digər məlumata görə jurnalist Famil Fərhadoğluna hücum edib telefonunu əlindən alan Namiq Əliyev Səhiyyə Naziri Oqtay Şirəliyevin ən yaxın adamlarından biri hesab olunur. Qısa müddətdə Namiq Əliyevin vəzifəsi və onun haqqında digər məlumatları oxucuların diqqətinə çatdıracağıq.