Xəbər verdiyimiz kimi, aprelin 9-da səhiyyə naziri Oqtay Şirəliyevin işarəsi ilə jurnalist Famil Fərhadoğlunun (İbrahimov) döyülməsi ilə bağlı istintaq işi Yasamal rayon 28-ci polis bölməsindən alınaraq Bakı şəhər Baş Polis İdarəsinə (BŞBPİ) verilib.
Artıq jurnalistə qarşı cinayət hadisəsini törədən şəxslərin də kimliyi müəyyənləşib. Onlar Namiq Əliyev və Riad Paşayevdir.
Araşdırma əsasında müəyyən edilib ki, jurnalist Famil Fərhadoğluna sillə vuran və yumruq ataraq ona hücum edən şəxs Riad Ceyhun oğlu Paşayev "Azərtürkbankın Bakı filialının müdiri vəzifəsində çalışır.
Unikal.org xəbər verir ki, bankın filial müdiri tərəfindən jurnalistin döyülməsini nəzərə alaraq "Bizim Yol" "Azərtürkbankın İdarə heyətinin sədri ilə əlaqə saxlayıb. Bankın idarə heyətinin sədri Orxan Hüseynov "Bizim Yol"-a açıqlamasında məsələdən xəbərdar olduğunu, bu barədə tədbir görüləcəyini bildirib.
"Mən də bu barədə məlumatı oxumuşam. Bizim Bakı filialının müdiridir. O həmin vaxtan, hadisə baş verdiyi andan məzuniyyətdədir. Bildiyim qədər bu məsələ ilə bağlı hüquq mühafizə orqanlarına müraciət edilib. Həmim hadisə ilə bağlı bizə rəsmi məlumat daxil olacaq. Bu rəsmi məlumat daxil olan kimi biz bu barədə ciddi tədbir görəcəyik.
"Hazırda bizə rəsmi məlumat daxil olmayıb. Hadisə KİV-də yayılıb. Əgər burda etiraf varsa və bununla bağlı hüquqi prosedur başa çatdıqdan sonra bu barədə ciddi tədbir görüləcək. Bu məsələ şəxsən mənim nəzarətimdədir. Çünki biz istənilən bir şəxsi işə götürdükdə də onlara insanlarla xoş rəftar etmələrini, istər bank daxilində, istərsə də bank xaricində, xüsusən də mətbuat adamlarıyla, jurnalistlərlə ünsiyyət məsələlərinə xüsusi önəm veririk.
"Dediyim kimi bu məsələ şəxsən mənim nəzarətimdədir. Mən lazimi tapşırıqlar vermişəm. Biz özümüz də bu məsələ ilə bağlı məlumat toplayırıq. İstənilən halda bu barədə ciddi ölçü götürüləcək. Mən bunu bankın idarə heyətinin sədri olaraq rəsmi şəkildə bildirirəm.