Bu gün Ali Məhkəmədə 4 nəfərin ölümü ilə nəticələnən yol qəzasında təqsirləndirilən, Ağcabədi Rayon Polis Şöbəsinin müstəntiqi İqbal Nağıyevin barəsində Şirvan Apellyasiya Məhəkəməsinin çıxardığı bəraət qərarından verilən kassasiya şikayətinə baxılıb.
Unikal.org-un trend-ə istinadən məlumatına görə, hakim Əli Seyfəliyevin sədrliyi ilə keçirilən prosesdə şikayət araşdırılsa da, qərar qüvvədə saxlanılıb. Məhkəmə İ.Nağıyevə bəraət verilməsini qanuni hesab edərək kassasiya şikayətini rədd edib.
Qeyd edək ki, 2012-ci il dekabrın 31-i, saat 21.10 radələrində Mingəçevir sakini Mehdiyev Cabbar Məmməd oğlunun idarə etdiyi 10 XO 538 dövlət nömrə nişanlı, "Mercedes markalı avtomobil Ağcabədi sakini, 1985-ci il təvəllüdlü Nağıyev İqbal Adil oğlunun idarə etdiyi 90 DB 556 dövlət nömrə nişanlı, "Mercedes markalı avtomobillə toqquşub.
Nəticədə sürücü C.Mehdiyev və onun avtomobilində olan sərnişinlər - Mingəçevir sakini, 1962-ci il təvəllüdlü Hacıyev Mübariz Əhməd oğlu Yevlax sakini, 1986-cı il təvəllüdlü Həsənov Qnyaz Ağəli oğlu və daha bir nəfər ölüb.
Qəzada xəsarət alan Yevlax sakini, 1987-ci il təvəllüdlü Ağayev Rauf Ağəli oğlu və 1982-ci il təvəllüdlü Əliyeva Pərvanə Vəli qızı Şirvan Mərkəzi Şəhər Xəstəxanasına yerləşdiriblər. R.Ağayev ambulator yardım aldıqdan sonra evə buraxılıb.
Faktla bağlı cinayət işi başlanıb.
Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə İ.Nağıyev 8 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
Şirvan Apellyasiya Məhkəməsi isə birinci instansiya məhkəməsinin hökmünü ləğv edərək İ.Nağıyevə bəraət verib.
Qərardan narazı qalan qarşı tərəf isə Ali Məhkəməyə kassasiya şikayəti verib.