Unikal.org əməkdar artist Ənvər Həsənovun milli.az-a müsahibəsini təqdim edir
- Ənvər bəy, kinonun bugünkü vəziyyəti sizi narahat edir?
- Birinci növbədə bizə maddi kömək olmalıdır. Pul olmasa kino çəkmək olmaz. Təkcə "Titanik" filminə vaxtilə 360 milyondan çox pul ayrılıb. Bizə 700-800 min pul verirlər ki, get bununla kino çək. Elə şey olar? 700 minə çəkilən kinonun aqibəti nə olacaq?
- Amma illər öncə çox az məbləğə gözəl filmlər çəkilib. Demək ki, təkcə səbəb maddiyat deyil.
- İndinin tələbləri tam başqadır. Hal-hazırda film çəkənlər cavanlardır, nisbətən yaşlılar dünyasını dəyişib. Cavanlara da yol göstərən olmalıdır, yaxşı ssenari yazılmalıdır. İndi rejissorlar da, aktyorlarımız da cavandır. Yeni gələn 5-6 rejissor var ki, yaşlılara qulaq asmır. Onlar da sırf komediya filmləri çəkir. Bizim çəkdiyimiz komediya filmləri Azərbaycanda göstəriləcək, dünyada yox. Onlar Azərbaycandan bir addım da kənara çıxa bilməyəcəklər.
- Gənclər də həmişə deyir ki, böyüklər bizə yol göstərmir.
- Böyük qalıb ki? 4-5 nəfər bizik də. Bizə müraciət etmirlər. Etsələr, niyə kömək etmirik ki? Mən həm də quruluşcu rejissoram. Bir neçə filmə dəvət ediblər, getmişəm. Demişəm ki, ssenarini verin mənə baxım. Deyiblər ki, neynirsən ssenarini? Deməli bunlar ssenarini çəkiliş meydançasında yazırlar. Belə işləmək olmaz axı!
- Komediya yox, digər janrda filmlər çəkilsə, vəziyyət düzələcək?
- Əlbəttə. Çox təəssüflər olsun ki, son zamanlar ciddi janrda bir filmə rast gəlinmir. Bəlkə də mən görməmişəm. "Bacanaqlar", "Qardaşlar" kimi seriallara camaat gülür. Ləhcəni dəyişməklə, onun-bunun ağzını əyməklə... Buna sənət demək olarmı? Bunlar da camaatın xoşuna gəlir. Kinonu yola vermək olmaz! "Yeddi oğul istərəm" filmində 4 dəfə ölüb-dirilmişəm. Bu filmdən sonra mənə 1 həftə əl dəymədilər ki, özümə gəlim. Siz elə bilirsiniz ki, hər güllə mənə dəyəndə onu oynamaq asandır?
- Həmişə işləmisiniz, amma hal-hazırda sənətinizdə durğunluq yaranıb. Bu durğunluqdan necə çıxış yolu tapırsınız?
- Mən və mənim yaşıdlarımın bu gün vəziyyəti həddindən artıq ağırdır. Ağırdır nə barədə? Biz ömür boyu hərəkətdə olan insanlar, birdən-birə oturmuşuq. Oturmaqda şəxsən məni öldürüb. Mənim bu dəqiqə ağrımayan yerim qalmayıb. O da hərəkətsizlikdən, işsizlikdəndir. Nə qədər oturmaq olar? Məzuniyyətə çıxanda mən bir gün də olsun kinostudiyasız qala bilmirəm.
- Filmə dəvət olunanda qonorar danışırsınız?
- Bu gün qonorarsız yaşamaq qeyri-mümkündür. Bu mənim zəhmət haqqımdır. Çünki mən filmə ürəyimi qoyuram. Türkan Şoray və Kadir İnanır bir dəfə mənə dedilər ki, Ənvər, sən bu qədər filmə çəkilmisən, yəqin ki, milyonersən? Day demirdim ki, 5-6 qonşu ilə kommunal evdə yaşayıram. İnsan gərək öz gördüyü işin qonorarını alsın. Mən heç vaxt rejissorlara qiymət oxumamışam. Əcnəbi aktyorları Bakıya dəvət edib onlara milyonlar xərcləyirlər, amma özümüzünkülərə o diqqət göstərilmir. Aldığım məvacibi ancaq dərmanlara xərcləyirəm. Qızım da, özüm də xəstəyəm.
- Ən böyük arzunuz nədir?
- Bütün arzularıma nail olmuşam. İlk növbədə tamaşaçıların məhəbbətini qazanmışam. Bu hər bir sənət adamı üçün ən böyük xoşbəxtlikdir. İndi isə ən böyük arzum odur ki, nəvəmin, qızımın canı sağ olsun.
- Elə bir rol olubmu onu oynamaq istəyirsiniz?
- Mənə elə gəlir ki, öz yaşıma görə həddindən artıq çox işləmişəm. Çəkildiyim filmlər isə tarixə yazılıb. İndi mən ancaq gənclərə tövsiyə edə bilərəm ki, kinonu sevirlərsə, qalsınlar, sevmirlərsə, vaxtında getsinlər. Birinci növbədə məsuliyyətli olsunlar. Öz görünüşlərinə, imiclərinə diqqət etsinlər.