Bakı Apellyasiya Məhkəməsində Cəlilabad rayon sakini Nuridə Kərimovanın (1989-cu il təv.) CM-nin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə bəraət almasına dair dövlət ittihamçısının verdiyi protest əsasında məhkəmə prosesi başa çatıb.

Unikal.org Oxu.Az-a istinadən xəbər verir ki, 2016-cı il iyulun 23-də daxil olan məlumatla əlaqədar Sabunçu RPİ 12-ci polis bölməsinin əməkdaşları Ramana qəsəbəsinə yollanıblar, 9-cu neft mədəni ərazisində yerləşən ünvansız evdə üst-başı qanlı vəziyyətdə 1983-cü il təvəllüdlü Vüqar Kərimovun meyiti aşkar edilib.

Hadisə yerində müayinə aparılıb, məlum olub ki, cinayət məişət-təsərrüfat təyinatlı bıçaqla törədilib. Mərhumun arvadı Nuridə Kərimova saxlanılıb.

Təyin edilən məhkəmə-tibbi ekspertizasının nəticəsinə görə, Vüqar Kərimovun ölümünə döş boşluğuna nüfuz edərək ürəyin yaralanması ilə əlaqədar kəskin qanitirmə səbəb olub.

İstintaqla müəyyən edilib ki, Nuridə Kərimova 2009-cu ildə ailə həyatı qurduğu əri Vüqar Kərimova qarşı sonuncunun spirtli içki aludəçisi olması, digər zərərli vərdişləri, ailəsinə qayğı göstərməməsi, onu mütəmadi döyməsi və sair əməlləri səbəbindən daxilində nifrət hissi bəsləyib.

İyulun 23-ü, gecə saat 01:30-da sərxoş vəziyyətdə evə daxil olan yoldaşından gec gəlməsi səbəbi ilə maraqlanan Nuridəyə Vüqar zərbələr endirib, divara çırpmaqla, ona beyin silkələnməsi kimi xəsarət yetirib.

Emosional gərginlik halında masanın üzərində olan bıçağı əlinə alan Kərimova ərinin ürək nahiyəsinə zərbə endirərək, onu qəsdən həyatdan məhrum edib.

İş üzrə dindirilmiş Nuridə Kərimova ifadəsində bildirib ki, valideynlərinin istəyi ilə Vüqar Kərimovla ailə həyatı qurub. İlk iki ili Kürdəmir rayonunda yaşayıblar, 2011-ci ildə Sona adlı övladları dünyaya gəlib, 2014-cü ildə isə Bakının Ramana qəsəbəsində ev alıblar.

Həyat yoldaşı hər gün evə sərxoş halda gəldiyindən uzun müddət münasibətləri yaxşı olmayıb. Vüqar Sabunçu qəsəbəsində kafedə işləyib, gecə saat 2-də içkili vəziyyətdə evə gəlib və dava salıb.

Ailəli olduqları müddətdə əri onu çox incidib, əzab verib, azyaşlı qızının yanında onu amansızcasına döyüb.

Dəfələrlə ata evinə gedib, lakin Vüqar bir neçə gündən sonra gəlib, hər şeyin yaxşı olacağını bildirərək onu geri qaytarıb. İyulun 23-ü, gecə saat 2-də evə gələn yoldaşından niyə gec gəldiyini soruşduqda, sonuncu Nuridəni itələyib və boğazından tutaraq divara çırpıb.

Qadın baş nahiyəsindən ağır zərbə alaraq taqətini itirib. Vüqar qollarından tutub, ona növbəti zərbəni endirib. Otağda olan plastik oturacağı götürüb, başına vurmaq istəyərkən o özünü müdafiə etmək üçün cəld əlini bıçağa atıb.

Yoldaşını qorxutmaq, onu vurmasına mane olmaq və özündən uzaqlaşdırmaq istəyib. Vüqar üstünə gələrkən, kəsici alət sinə nahiyəsinə girib.

Qonşulara xəbər vermək üçün küçəyə çıxıb, onlardan biri təcili yardıma və polisə zəng edib.

Polis bölməsində əməlini səmimi etiraf edib. Kərimova qeyd edib ki, Vüqarı sevib, döyüb-incitməsinə baxmayaraq, ondan ayrılmaq fikri olmayıb.

Zərərçəkmişin hüquqi varisi Safa Kərimov bildirib ki, Nuridədən gəlini olaraq pislik və ya əxlaqsız hərəkət görməyib. Hakimlərdən xahiş edib ki, o, azadlığa buraxılsın, çünki nəvəsinin anasız böyüməsini istəmir.

Məhkəmə cinayət işinin bütün hallarını araşdıraraq nəticəyə gəlib ki, təqsirləndirilən şəxsin əməli Sabunçu rayon Prokurorluğu tərəfindən düzgün tövsif edilməyib. İttiham aktı obyektiv hallarla yox, istintaqın subyektiv mülahizələri əsasında tərtib olunub.

Məhkəmə hesab edib ki, Vüqar Kərimov təqsirləndirilən şəxs tərəfindən yetirilmiş bıçaq xəsarəti nəticəsində ölsə də, o, bu hərəkəti zəruri müdafiə vəziyyətində törədib.

Odur ki, CM-nin müvafiq maddələrinə əsasən, Nuridə Kərimovanın barəsində bəraət hökmü çıxarılmalıdır və cinayət prosesini həyata keçirən istintaq orqanının qanunsuz hərəkətləri nəticəsində vurulmuş ziyanın ödənilməsi hüququ ona izah edilməlidir.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə N.Kərimovaya bəraət verilib. Onun barəsində seçilmiş həbs-qətimkan tədbiri ləğv edilib və o, məhkəmə zalından azad olunub.

Hökmdən dövlət ittihamçısı apellyasiya protesti verib.

Bakı Apellyasiya Məhkəməsi protesti təmin etməyərək, hökmü dəyişdirilmədən saxlayıb.

Prokuror Ali Məhkəməyə kassasiya şikayəti verib.

Ali Məhkəmə kassasiya şikayətini təmin edərək, Bakı Apellyasiya Məhkəməsinin qərarını ləğv edib və işi yenidən apellyasiya baxışına göndərib.

Bakı Apellyasiya Məhkəməsi işin hallarını bir daha araşdıraraq, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmünü dəyişdirib.

Qərara əsasən, N.Kərimovanın əməli CM-nin 120.1-ci maddəsindən 123.1-ci (zəruri müdafiə həddini aşmaqla qəsdən adam öldürmə) maddəsinə tövsif edilib.

Təqsirləndirilən qadına altı ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilib. Lakin o, həmin müddəti istintaq təcridxanasında keçirdiyi üçün cəzası çəkilmiş hesab olunub.