Sevgilisini ayağı ilə boğub öldürməkdə təqsirləndirilən 1968-ci il təvəllüdlü Fərhad Şaqaliyevin məhkəmə prosesi başlayıb.

Unikal.org lent.az- a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə Fərhad Şaqaliyev sərbəst ifadə verərək qeyd edib ki, öldürdüyü Gülnarə ilə qeyri rəsmi yaşayıblar. Təqsirləndirilən şəxs bildirib ki, Gülnarə evini satdıqdan sonra birlikdə yaşayıblar: "Birlikdə yaşamışıq, heç vaxt söz-söhbət olmayıb. Öz adıma olan evdə belə qazın sayğacını onun adına yazdırdım. Evlər sənədsiz idi. Olsa, adına da keçirərdim. Yəni münasibətlərimiz belə olub. Satılan evin pulunu ancaq özümüzə, evə xərcləmişik".

Fərhad Şaqaliyev mərhumun evindən əldə edilən pulu birlikdə yaşadıqları evin təmirinə də xərclədiklərini söyləyib: "Həmin puldan 6 minini Gülnarə götürdü. Borcu var idi. 3 min qardaşına verəcəkdi. 3 min də lombardda olan qızıllarını götürməyə və kombinin borcunu ödəməyə verdi. Qalan pulu da Sabunçuda yaşadığımız evin təmirinə xərcləmişik. Bir az xəstəliyi vardı, müalicəsinə də həmin puldan xərclənib. Dəfələrlə İrana aparıb gətirmişəm. Nə qədər olduğunu xatırlamıram".

Şaqalıyev sevgilisini pula görə öldürmədiyini söyləyib: "Yazılıb ki, guya mən onu tamah niyyəti ilə öldürmüşəm. Amma yalandır. Belə bir söhbət olmayıb. Gülnarə qısqanc idi. Hərdən aramızda mübahisə olurdu. Deyirdi ki, məni atıb gedəcəksən. Hadisə günü Sabunçuda bir nəfərin evini götürüb təmir etdirirdim. Evin sahibi Minəxanım idi. Mən onunla işlə bağlı telefonla danışırdım. Gülnarə də mənim telefonuma baxırdı, qısqanırdı ki, niyə onunla telefonla danışıram, o niyə zəng edib. Minəxanımın 60 yaşı var, aramızda da heç nə yox idi. Yenə mənə zəng gələndə telefonumu Gülnarə götürdü. Əsəbləşdim. Telefonu əlindən alanda söyüş söydü, məni təhqir elədi. Söyüş söyəndə bir yumruq vurdum. Başı "şkaf"a dəydi. Üstümə gələndə yenə vurdum. Bu dəfə möhkəm vurdum. Yıxılanda başı kombiyə dəydi. Qolları açıq şəkildə yerə yıxıldı. Yazılıb ki, mən onu ayağımla boğmuşam. Amma yalandır.



Qeyd edək ki, hadisə Sabunçu rayonu, Bakıxanov qəsəbəsində baş verib. F.Şaqaliyev qeyri-rəsmi nikah münasibətlərində olduğu, 1982-ci il təvəllüdlü Sadıqova Gülnarə Tarıs qızını boğaraq öldürüb.


50 yaşlı kişi yerə yıxılmış sevgilisinin boğazına ayağını dirəyib, onun nəfəsini kəsərək öldürüb. Hadisə vaxtı F.Şaqaliyev sərxoş olub.


İttihama görə, F.Şaqaliyev bir müddət əvvəl tanış olduğu Şamaxı sakini Gülnarə Sadıqova ilə sevgili həyatı yaşamağa başlayıb və Bakıxanov qəsəbəsində kirayə mənzil tutub.


Ailəli, 2 uşaq atası olan Fərhad tez-tez həmin mənzildə sevgilisi ilə görüşürmüş. Lakin qadın sevgilisinin onunla daha çox vaxt keçirməyini, ona daha çox diqqət ayırmasını tələb edirmiş. Bu səbəbdən də onlar arasında tez-tez münaqişələr yaşanıb. Növbəti dəfə eyni mövzuda mübahisə yaşanıb və F.Şaqaliyev sevgilisini döyüb. Yerə yıxılan qadının onu söydüyünü görən kişi ayağını onun boğazına dirəyərək boğub.


Qeyd edək ki, qətlə yetirilən qadın əvvəllər ailəli olub. Hadisəni törədən F.Şaqaliyev isə kiçik sahibkardır.