Bu gün SpaceTV-də yayımlanan "Onda başladıq" verilişində Beynəlxalq Mətbüat Günü ilə bağlı müzakirə təşkil olunub.
Unikal.org xəbər verir ki, "Mətbuatda peşkarlıq, yoxsa qalmaqal" mövzusunda təşkil olunan müzakirədə maraqlı fikirlər səsləndirilib. Verilişdə iştirak edən Müstəqil İnformasiya Agentliyinin (Mia.az) baş redaktoru Zaur Əhməd öz fikirlərini bölüşüb. O bildirib ki, son dövrlər mətbuat ciddi problemlərlə üz-üzə qalıb:
"Milli mətbuatımızın banisi Həsən bəy Zərdabi "Əkinçi"də, sonra Cəlil Məmmədquluzadə "Molla Nəsrəddin"də, daha sonra digər böyük mətuat adamları bu işə başlayanda əsas hədəf kimi maarifçilik götürülmüşdü. O zaman onlar bu işin qarşılığında pul qazanmağı düşünmürdülər. Amma indi vəziyyət dəyişib. Media biznes sahəsinə çevrilib. Bütün fəaliyyət pul qazanmağa yönəlib. Ona görə də maarifçilik və digər prinsiplər arxa plana keçib. Hansısa qalmaqallı başlıqlar ona görə lazımdır ki, oxucu cəlb eləsin, çox İP olsun. Bununla da reklam verən şirkətlərin diqqətini cəlb olunsun. Bunun nəticəsində media sahəsində qeyri-ciddi mühit yaranır və beləcə tənqid hədəfinə çevrilir".
Z.Əhməd daha sonra elektron mediaya qeyri-peşəkarların ayaq açmasından danışıb. O bildirib ki, bu sahədə olan boşluqdan istifadə edən bəzi şəxslər başqa niyyətlə, başqa məqsədiylə mediaya gəlib, özlərinə "baş redaktor" titulu ala biliblər.
"Hazırda domen alıb sayt yığdıraraq media orqanı formalaşdırmaq, baş redaktor olmaq elə də çətin deyil. Amma bu adamlar nəinki cümlə qurmaq qabiliyyətinə malikdirlər, hətta adi sözləri belə düzgün yaza bilmirlər, hərf səhvi buraxırlar. Adamlarda jurnalistikanın "j"sı yoxdur, amma özlərini baş redaktor elan ediblər. Bununla da ümumilikdə media bərbad vəziyyətə düşür. Bu cür adamlar, bu cür "media qurumları" o qədər artıb ki, peşəkarlar onların kölgəsində itirlər"- deyə baş redaktor əlavə edib.